Məhkəmə qərarları › İş №e-2(040)-129/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-129/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-129/2025 14.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı“vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1843,43 manat (min səkkiz yüz qırx üç manat 43 qəpik) pulun, 60 (altmış) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02 iyul 2018-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. 10 fevral 2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. 07 iyul 2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 23 iyun 2023-cü il tarixində İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 23 iyun 2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2096 (iki min doxsan altı) manat 07 (yeddi) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1843 (bir min səkkiz yüz qırx üç) manat 43 (qırx üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1843 (bir min səkkiz yüz qırx üç) manat 43 (qırx üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(040)-129/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İş üzrə hazırlıq iclası 13 fevral 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 11 mart 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 14 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 13 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, 14 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasının iş yükünün çoxluğu səbəbindən nümayəndələrinin iştirakı olmadan keçirilməsi və iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 02 iyul 2018-ci il tarixli əmək müqaviləsindən və həmin tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 02 iyul 2018-ci il tarixdə İddiaçı MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 10 fevral 2022-ci il tarixli 060 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 10 fevral 2022-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: 07 iyul 2023-cü tarixli 108x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 20 fevral 2022-ci il tarixli “X4 haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 23 iyun 2023-cü il tarixində 2096,07 manat çatışmazlıq müəyyən edilmişdir, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 1843,43 manat borcu qalmışdır. İş materiallarında olan: 23 iyun 2023-cü tarixli “Oba-Bərdə 14” filialında aparılmış “İnventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, “Oba-Bərdə 14” filialında cəmi 2096,07 manat məbləğində itki aşkar edilmiş və mallara görə maddi-məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, ilkin və yekun sənədləri imzalamışdır. İş materiallarında olan: Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00413) X1 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli MŞB/20/2024-00510 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 10 avqust 2023-cü il tarixli məktubun surətindən (poçt qəbzi var) görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 02 iyul 2018-ci il tarixdə İddiaçı MMC şirkətinə işə qəbul olunmuş və 07 iyul 2023-cü tarixdə işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində cavabdeh iddiaçıya maddi ziyan vurmuş, bu da öz əksini 23 iyun 2023-cü il tarixdə cavabdehin özünün də iştirakı ilə iddiaçı tərəfindən tərtib edilmiş aktda tapmışdır; cavabdehin iddaçıya 1843,43 manat borcu qalır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi): -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasına dair mötəbər sübutlar, o cümlədən bu barədə inventarizasiya aktı təqdim etmiş, eyni zamanda, cavabdeh (sabiq işçi) tərəfindən iddiaçıya (işəgötürənə) ziyan dəyməsində təqsiri olmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Əmək Məcəlləsinin 192.2-ci maddəsinin tələbi). Odur ki, iddiaçı cavabdehdən vurulmuş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1843,43 AZN (bir min səkkiz yüz qırx üç manat-43 qəpik) əsas borc, həmçinin, 60 (altmış) manat mediasiya xərcinin pul əvəzi, cəmi 1903,43 AZN (bir min doqquz yüz üç manat- 43 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar