Məhkəmə qərarları › İş №e-2(040)-1322/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1322/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1322/2025 03.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (MMC) Cavabdeh əsas borcu 788,74 (yeddi yüz səksən səkkiz manat 74 qəpik) manat, cərimə borcu 78,80 (yetmiş səkkiz manat 80 qəpik) manat olmaqla cəmi 867,54 (səkkiz yüz altmış yeddi manat 54 qəpik) manat borcun və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzinin tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 iyul 2024-cü il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 07/731-24 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən istehlak mallarının alınması üçün 1900 (bir min doqquz yüz) manat məbləğində kredit ayrılmışdır. O, 12 (on iki) ay müddətində kreditin əsas məbləği kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini cavabdehə ödəmişdir. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuşdur. Cavahdehin 16 sentyabr 2025-ci il tarixə iddiaçıya əsas borc üzrə 788,74 (yeddi yüz səksən səkkiz manat 74 qəpik) manat, cərimə borcu üzrə 78,80 (yetmiş səkkiz manat 80 qəpik) manat, olmaqla ümumilikdə cəmi borc 867,54 (səkkiz yüz altmış yeddi manat 54 qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, BOKT "xxxx" MMC (borcverən) ilə Cavabdeh (borcalan) arasında 01 iyul 2024-cü il tarixli 07/731-24 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə və müqaviləyə 1 saylı Əlavədən görünür ki, cavabdehə (borcalana) hər ay 159 (bir yüz əlli doqquz) manat olmaqla 12 (on iki) ay müddətinə 1900 (bir min doqquz yüz) manat məbləğində kredit verilmiş, borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürürmüşdür. İş materiallarında olan: 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 iyul 2024-cü il tarixli 07/731-24 saylı kredit müqaviləsi üzrə 16 sentyabr 2025-ci il tarixə borcu – əsas məbləğ üzrə 788,74 (yeddi yüz səksən səkkiz manat 74 qəpik) manat, cərimə borcu 78,80 (yetmiş səkkiz manat 80 qəpik) manat olmaqla, ümumilikdə 867,54 (səkkiz yüz altmış yeddi manat 54 qəpik) manat təşkil edir. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 08 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən-788,74 (yeddi yüz səksən səkkiz manat 74 qəpik) manat hissəsində əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə hesablanmış 78,80 (yetmiş səkkiz manat 80 qəpik) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 23,64 (iyirmi üç manat 64 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. İddia tələbinin cəriməyə aid qalan hissəsində - 55,16 (əlli beş manat 16 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, hakim hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 788,74 (yeddi yüz səksən səkkiz manat 74 qəpik) manat əsas, 23,64 (iyirmi üç manat 64 qəpik) manat cərimə borcu olmaqla, cəmi 812,38 (səkkiz yüz on iki manat 38 qəpik) manat borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 842,38 (səkkiz yüz qırx iki manat 38 qəpik) manat tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə 788,74 (yeddi yüz səksən səkkiz manat 74 qəpik) manat əsas, 23,64 (iyirmi üç manat 64 qəpik) cərimə borcu olmaqla, cəmi 812,38 (səkkiz yüz on iki manat 38 qəpik) manat borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 842,38 (səkkiz yüz qırx iki manat 38 qəpik) manat məbləğdə pul vəsaiti ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar