Məhkəmə qərarları › İş №e-2(040)-1447/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1447/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1447/2025 13.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən 17 mart 2025-ci il tarixli 571726-CNS-65336saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən, 07 oktyabr 2025-ci il tarixinə Banka borclu olduğu 4985,12 AZN (dörd min doqquz yüz səksən beş manat-12 qəpik) məbləğində əsas borc, 212,66 AZN (iki yüz on iki manat-66 qəpik) məbləğində faiz borcu olmaqla, ümumilikdə 5197,78 AZN (beş min bir yüz doxsan yeddi manat-78 qəpik) pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,98 AZN (yetmiş bir manat-98 qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” (https://vtb.az/aboutbank/documents/ saytına yerləşdirilmiş) əsasən, 17 mart 2025-ci il tarixli 571726-CNS- 65336 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış (SİMA imza vasitəsi ilə) müqavilə üzrə illik 19,25 faiz hesablanması şərti ilə 48 ay müddətinə 13038 AZN (on üç min otuz səkkiz manat) məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini 19 may 2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 5197,78 AZN (beş min bir yüz doxsan yeddi manat-78 qəpik) məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış 17 mart 2025-ci il tarixli 571726-CNS-65336 saylı nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri ərizəsindən müəyyən edilir ki, “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir (10.3.14-cü bənd). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən ... bu müqavilə üzrə gecikdirilmiş kreditə görə, nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün 17 mart 2025-ci il tarixli 571726-CNS-65336 saylı ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbələri barədə məlumat veməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: cavabdehin 571726-CNS-65336 saylı “Nağd pul kreditinin şərtlərinə dair” 17 mart 2025-ci il tarixli ərizəsindən (razılaşmadan) görünür ki, iddiaçı (Bank) tərəfindən cavabdehə (Borcalana) illik 19,25 faiz ödəmək şərt ilə 48 ay müddətinə 5109 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 17 mart 2025-ci il tarixli 571726-CNS-65336 saylı “Nağd pul krediti müqaviləsi üzrə 4985,12 manat əsas, 212,66 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5197,78 manat borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 08 oktyabr 2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir; faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, borcalan Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 71,98 AZN (yetmiş bir manat-98 qəpik) hissəsinin pul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4985,12 AZN (dörd min doqquz yüz səksən beş manat-12 qəpik) əsas borc, 212,66 AZN (iki yüz on iki manat-66 qəpik) faiz borcu olmaqla, cəmi 5197,78 AZN (beş min bir yüz doxsan yeddi manat-78 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 71,98 AZN (yetmiş bir manat-98 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 5269,76 AZN (beş min iki yüz altmış doqquz manat-76 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4985,12 AZN (dörd min doqquz yüz səksən beş manat-12 qəpik) əsas borc, 212,66 AZN (iki yüz on iki manat-66 qəpik) faiz borcu olmaqla, cəmi 5197,78 AZN (beş min bir yüz doxsan yeddi manat-78 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 71,98 AZN (yetmiş bir manat-98 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə cəmi 5269,76 AZN (beş min iki yüz altmış doqquz manat-76 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar