Məhkəmə qərarları › İş №e-2(040)-147/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-147/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-147/2025 05.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı QSC-nin xeyrinə 13964,64 AZN (on üç min doqquz yüz altmış dörd manat- 64 qəpik) məbləğində əsas bоrc, 1937,63 AZN (bir min doqquz yüz otuz yeddi manat- 63 qəpik) məbləğində faiz bоrcu və 371,47 AZN (üç yüz yetmiş bir manat- 47 qəpik) məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16273,74 AZN (on altı min iki yüz yetmiş üç manat- 74 qəpik) məbləğində kredit bоrcunun və iddiaçı tərəfindən ödənilmiş 138,82 AZN (bir yüz otuz səkkiz manat-82 qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC-yə 25 aprel 2023-cü il tarixdə ünvanladığı 015A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,6667 faiz оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə, 15800 (on beş min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 25 yanvar 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır; Cavabdeh1 götürdüyü kredit bоrcundan 1835,36 AZN (bir min səkkiz yüz otuz beş manat- 36 qəpik) ödəniş etmiş və оnun iddiaçıya 13964,64 AZN (on üç min doqquz yüz altmış dörd manat- 64 qəpik) məbləğində əsas bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu- əsas və faiz borcunu Kreditora qaytarmadığına görə 19 sentyabr 2024-cü il tarixə 238 gün üçün hesablanmış faiz borcu 1937,63 AZN (bir min doqquz yüz otuz yeddi manat- 63 qəpik) təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 19 sentyabr 2024-cü il tarixə 238 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 371,47 AZN (üç yüz yetmiş bir manat- 47 qəpik) təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən, Bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 05 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında razılaşdırılmış 25 aprel 2023-cü tarixli 015A********** saylı “Ərizə”dən (müqavilə mahiyyətli) görünür ki, cavabdehə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15800 AZN (on beş min səkkiz yüz manat) məbləğində kredit verilməsi razılaşdırılmışdır; “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kredit verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında razılaşdırılmış 25 aprel 2023-cü tarixli 015A********** saylı “Ərizə”yə (müqaviləyə) əlavə olan Ödəniş planından görünür ki, 25 aprel 2023-cü il tarixli həmin müqavilə üzrə ilk ödəniş tarixi 25 may 2023-cü il tarixdən başlanmaqla 25 dekabr 2025-ci il tarixədək Borcalan Banka müqavilə üzrə hər ay 484 AZN (dörd yüz səksən dörd manat) məbləğdə annuitet ödəniş etməlidir. İş materiallarında olan: 25 aprel 2023-cü il tarixli 015G**********1 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 015A********** saylı kredit müqaviləsi üzrə 19 sentyabr 2024-cü il tarixinə borcu 13964,64 AZN (on üç min doqquz yüz altmış dörd manat- 64 qəpik) əsas, 1937,63 AZN (bir min doqquz yüz otuz yeddi manat- 63 qəpik) faiz və 371,47 AZN (üç yüz yetmiş bir manat- 47 qəpik) məbləğində cərimə olmaqla cəmi 16273,74 AZN (on altı min iki yüz yetmiş üç manat- 74 qəpik) təşkil edir. İş materiallarında olan: İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş (poçt qəbzləri var) 19 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür; kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -742.5--ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya ləziminca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamınlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca İcra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinın ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış cəmi 16273,74 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 138,82 manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 25 aprel 2023-cü il tarixli 015A********** saylı ərizəyə əsasən, 13964,64 AZN (on üç min doqquz yüz altmış dörd manat-64 qəpik) əsas borc, 1937,63 AZN (bir min doqquz yüz otuz yeddi manat-63 qəpik) faiz borcu və 371,47 AZN (üç yüz yetmiş bir manat-47 qəpik) cərimə borcu olmaqla, cəmi 16273,74 AZN (on altı min iki yüz yetmiş üç manat-74 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 138,82 AZN (yüz otuz səkkiz manat-82 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 16412,56 AZN (on altı min dörd yüz on iki manat-56 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada 13964,64 AZN (on üç min doqquz yüz altmış dörd manat-64 qəpik) əsas borc, 1937,63 AZN (bir min doqquz yüz otuz yeddi manat-63 qəpik) faiz borcu və 371,47 AZN (üç yüz yetmiş bir manat-47 qəpik) cərimə borcu olmaqla, cəmi 16273,74 AZN (on altı min iki yüz yetmiş üç manat-74 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 138,82 AZN (yüz otuz səkkiz manat-82 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 16412,56 AZN (on altı min dörd yüz on iki manat-56 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar