Məhkəmə qərarları › İş №e-2(040)-223/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-223/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-223/2025 25.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul vəsaitinin tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 590,00 (beş yüz doxsan) manat məbləğində sığorta ödənişinin əvəzinin, 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 620 manat (altı yüz iyirmi manat) pul vəsaitinin alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E350” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 590,00 (beş yüz doğsan ) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Gədəbəy Rayon Məhkəməsinin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində hərəkət etmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortaçıya və( və ya ) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 936.1-ci maddəsinə əsasən, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü səxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya ) müvafiq sıorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daçıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Müki Məcəlləsinin 1108.1-ci maddəsinə (ətrafdakilər üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəalliyyəti (nəqliyyat vasitələrindən mexanizmlərdən yüksək gərginlikli elektrik enerjisindən atom enerjisindən partlayıcı maddələrdən güclü təsir edən zəhərlərdən və ya istifadə edilməsi tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mükiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Mülki Məcəlləsinin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi ) əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyir. Həmin Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən, müki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən, başqa şəxsin (qullquq mənsəb və ya əək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vəsitəsini idarə edən şəxsin Vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə (öhdəlik anlayışı) görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 430.1-ci maddəsinə (öhdəliyin icrasından imtina) əsasən, Mülki Məcəlləsdə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Mülki Məcəllənin 448.1-ci maddəsində (öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti) əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi məbləğ 590,00 (beş yüz doğsan) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 06 dekabr 2023cü il tarixli AS-23/1541 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 20 fevral 2025-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 22 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 22 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul edərək, izahatında iddiaçıya ödəməli olduğu 650 (altı yüz əlli) manat pulu imkanı olduqca ödəyəcəyini bildirmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Gədəbəy Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 3(042)- 131/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh 16 may 2021-ci il tarixdə saat 09:50 radələrində idarə etdiyi “VAZ 21011” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonunun Çalburun kəndində qarşısında hərəkətdə olan X5 məxsus “Mercedes Benz VV211” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan: “Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat forması”ndan (şəhadətnamə № **********; imzalanma tarixi: xx.xx.2020) görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X1 istifadəsində olan “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini 25 noyabr 2020-ci il tarixdən 1(bir) il müddətinə- 25 noyabr 2020-ci il tarixədək olan müddət üzrə sığortalamışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən X5 məxsus “Mercedes Benz E 350” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16 may 2021-ci il tarixli sığorta hadisəsi zamanı dəymiş ziyanın hesablanması ilə bağlı 18 may 2021-ci il tarixdə tərtib edilmiş “Hesablama aktı”nın surətindən görünür ki, “Mercedes Benz E 350” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 590,0 AZN (beş yüz doxsan manat) ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 23 iyun 2021-ci il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, sığorta hadisəsi nəticəsində üçüncü şəxs X5 məxsus məxsus “Mercedes Benz VV211” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 590,0 AZN (beş yüz doxsan manat- 0 qəpik) hesablanmış, avtobusun təmiri üçün 590,0 AZN (beş yüz doxsan manat- 0 qəpik) sığorta ödənişinin X4 hesabına köçürülməsi təsdiq olunmuşdur. Tətbiq edilməli olan hüquq normaları: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 25 noyabr 2021-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh tərəfindən idarə edilən “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 may 2021-ci il tarixdə Gədəbəy rayonunun Çaldaş kəndi ərazisində “Mercedes Benz E 350” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Yusifov X2 Xətalar Məcəlləsinin 327.1, 332.4 və 339.1-1-ci maddələri ilə təqsirli bilinmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən üçüncü şəxs X5 590,0 AZN (beş yüz doxsan manat) sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “VAZ 2101” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 16 may 2021-ci il tarixdə idarə edilməsi zamanı Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4 və 339.1-1-ci maddələrində nəzərdə tutulan təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 350” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan 590,0 AZN (beş yüz doxsan) manat məbləğdə vurulmuşdur. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 590,0 AZN (beş yüz doxsan manat), həmçinin iddia təmin edildiyinə görə, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 590 AZN (beş yüz doxsan manat), həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun pul əvəzi, cəmi 620 AZN (altı yüz iyirmi manat) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar