Məhkəmə qərarları › İş №e-2(040)-294/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-294/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-294/2024 15.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 13525,93 manat əsas borc, 2262,4 manat faiz borcu, 403,57 manat cərimə borcu olmaqla, cəmi 16191,9 manat kredit borcunun və ödənilmiş 139 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 21,5 faiz olmaqla 15 000 (on beş min) manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 əvvəl iştirak etdiyi 04 mart 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini cəmi 16191,9 manat kredit borcunu hissə-hissə iddiaçıya ödəməyə razı olduğunu bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 əvvəl iştirak etdiyi 04 mart 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında izahat verərək bildirmişdir ki, o zaminlik müqaviləsinə imza etmiş, lakin aliment ödədiyi üçün hazırda krediti ödəməyə imkanı yoxdur. Növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli CC/95722/87/29 saylı Kredit sazişindən görünür ki, İddiaçı ASC (bank) tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 21,5 faiz olmaqla 15 000 manat məbləğində kredit verilmişdir. Kredit alan isə verilmiş krediti və hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Digər Cavabdeh2 (zamin) Kredit sazişindən gələn öhdəliklərin icrasına görə Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: İddiaçı ASC-nin 22 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 13525,93 manat əsas, 2262,4 manat faiz, 403,57 manat cərimə borcu olmaqla, cəmi 16191,9 manat kredit borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş 29 noyabr 2023-ci il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi), borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 139 manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 13525,93 manat əsas, 2262,4 manat faiz, 403,57 manat cərimə olmaqla, cəmi 16191,9 manat və ödənilmiş 139 manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 13525,93 manat (on üç min beş yüz iyirmi beş manat 93 qəpik) əsas, 2262,4 manat (iki min iki yüz altmış iki manat 40 qəpik) faiz, 403,57 manat (dörd yüz üç manat 57 qəpik) cərimə borcu olmaqla, cəmi 16191,9 manat (on altı min yüz doxsan bir manat 90 qəpik) kredit borcu və ödənilmiş 139 (yüz otuz doqquz) manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar