Məhkəmə qərarları › İş №e-2(040)-334/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-334/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-334/2024 22.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 3907 manat, faiz borcu üzrə 1474,81 manat, cərimə üzrə 160,16 manat olmaqla, ümumilikdə 5541,97 manat kredit borcunun və ödənilmiş 75,42 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2023-cü il tarixli, **********0147 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 30 ay müddətinə, illik 27 faiz dərəcəsi olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Borclunun kredit müqailəsi üzrə hər ay 186 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada üzərində Fincard adı qeyd edilmiş kredit kartında təqdim edilir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 16 yanvar 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin iddiaçıya olan borcunun məbləği əsas borc üzrə 3907 manat, faiz üzrə 1474,81 manat, cərimə üzrə 160,16 manat olmaqla, ümumilikdə 5541,97 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMM QBKT-nın nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMM QBKT-nın nümayəndəsi məhkəməyə ərizə göndərərək, 22 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək 3907 manat əsas, 1474,81 manat faiz, 160,16 manat cərimə olmaqla, cəmi 5541,97 manat kredit borcunu və ödənilmiş 75,42 manat dövlət rüsumunu iddiaçıya ödəməyə razı olduğunu bildirmiş və növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMM QBKT (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında 23 avqust 2023-cü il tarixli **********0147 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Kredit verən Kredit alana 30 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir, Kredit alan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 16 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 23 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 3907 manat, faiz borcu üzrə 1474,81 manat, cərimə üzrə 160,16 manat olmaqla, cəmi borcu 5541,97 manat təşkil edir. İş materiallarında olan: 23 avqust 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən Cavabdeh hesabına 4000 manat məbləğində pul mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75,42 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3907 (üç min doqquz yüz yeddi) manat əsas, 1474,81 manat (min dörd yüz yetmiş dörd manat 81 qəpik) faiz, 160,16 manat (yüz altmış manat 16 qəpik) cərimə olmaqla, cəmi 5541,97 manat (beş min beş yüz qırx bir manat 97 qəpik) kredit borcu və ödənilmiş 75,42 manat (yetmiş beş manat 42 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X1 Qeyribank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3907 (üç min doqquz yüz yeddi) manat əsas, 1474,81 manat (min dörd yüz yetmiş dörd manat 81 qəpik) faiz, 160,16 manat (yüz altmış manat 16 qəpik) cərimə olmaqla, cəmi 5541,97 manat (beş min beş yüz qırx bir manat 97 qəpik) kredit borcu və ödənilmiş 75,42 manat (yetmiş beş manat 42 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı X1 Qeyri-bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar