Məhkəmə qərarları › İş №e-2(040)-335/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-335/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-335/2024 13.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat və hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun əvəzinin, cəmi 17900 (on yeddi min doqquz yüz) manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ev almaq məqsədi ilə Cavabdeh ilə 2023-cü ilin aprel-may ayında danışmış və ünvan 1 ünvanında olan mənzilin ona satılmasını 18500 (on səkkiz min beş yüz) manata razılaşmışlar. İddiaçı Cavabdeh bank kartına əvvəlcə 2023-cü ilin aprel ayında 500 (beş yüz) manat ödəniş etmiş, bundan sonra cavabdeh evi boşaltmış və evdə bəzi əşyalar qaldığından onun da pulunu cavabdehə ödəmiş, 10 may 2023-cü il tarixdə 6000 (altı min) dollar (həmin dövr üçün 10200 (on min iki yüz) manat mövcud məzənnə ilə) məbləğində pulu Gəncə şəhərindəki Yeni qəsəbədə yerləşən 12 saylı çoxmənzilli binanın qarşısında cavabdehə vermiş, 12 may 2023-cü il tarixdə isə həmin mənzilə köçüb orada ailə üzvləri ilə birlikdə yaşamağa başlamış, təxminən 2023-cü ilin iyun ayında cavabdehə daha 4500 (dörd min beş yüz) manat pulu həmin ərazidə vermiş, 2023-cü ilin iyul ayında isə daha 2300 (iki min üç yüz) manat pulu Gəncə şəhərindəki Yeni qəsəbədə yaşadığı binanın qarşısında cavabdehə vermişdir; ümumilikdə Cavabdeh 17500 (on yeddi min beş yüz) manat pul vermişdir. Lakin pulu verib qurtardıqdan sonra Cavabdeh dəfələrlə bildirsə də, Cavabdeh iddiaçıya həmin mənzili sənədləşdirə bilməyəcəyini və aldığı pulu qaytarmayacağını bildirmişdir. Əvvəlcədən belə razılaşmışlar ki, pulu verəndən sonra mənzil onun adına rəsmiləşəcəkdir, lakin cavabdeh pulu aldıqdan sonra həm sənədləşmədən, həm də pulu qaytarmaqdan imtina etmiş və bugünə qədər də dəfələrlə cavabdehdən pul tələb edilsə də, cavabdeh ona heç bir məbləğdə pul qaytarmamışdır. Bundan başqa, ona adları sonradan məlum olan mənzil sahibi X4 və Sənubərin qızları dəfələrlə həmin mənzilə gələrək sərt şəkildə onun mənzildən çıxmasını tələb etmiş, hal-hazırda da bu hallar davam edir. Eyni zamanda iddiaçı yuxarıda qeyd edilən hallarla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinə də müraciət etmiş, orada araşdırma aparılmış və məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdehə onun tərəfindən ümumi olaraq ödənilən məbləğ 17500 (on yeddi min beş yüz) manat təşkil edir. Hesab edir ki, ona cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat, cəmi 17900 (on yeddi min doqquz yüz) manat pul vəsaiti cavabdehdən tutularaq ona (iddiaçıya) verilməlidir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 06 fevral 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərkən cavabdehin yaşayış yeri üzrə qeydiyyat ünvanı “Kəlbəcər rayonunun Qamışlı kəndi” olmuş, Cavabdeh sonradan- 23 fevral 2024-cü il tarixdə yaşayış yeri üzrə qeydiyyatını dəyişərək “Gəncə şəhəri, Nizami rayonu, ünvan 4 ünvana qeydiyyata alınmışdır. Mülki iş ərazi aidiyyəti qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, işə baxılmağa davam edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddianın qanuni və əsaslı olması Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X2 HK-1/381 saylı material üzrə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli qərarı və həmin qərarın qanuni hesab edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarı ilə təsdiq edilir.Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X2 HK-1/381 saylı material üzrə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki: İddiaçı Gəncə şəhəri, Yeni qəsəbə, bina 21, mənzil 46-da yerləşən mənzili adına rəsmiləşdirəcəyi vədi ilə Bəhruz adlı şəxsə 17500 (on yeddi min beş yüz) manat pul verməsi, lakin hazırki vaxtadək həmin mənzili sənədləşdirmədiyinə görə Kəlbəcər Rayon Polis Şöbəsinə müraciət etdiyi 02 noyabr 2023-cü il tarixli ərizəsi üzrə materialda cinayət tərkibinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi X2 onun şikayəti əsasında toplanmış HK- 1/381 saylı material üzrə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli qərarın ləğv edilərək həmin material üzrə ibtidai araşdırmanın yenidən aparılması barədə qərar qəbul edilməsinə dair şikayətinin əsassız olduğundan təmin edilməməsi, Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X2 HK-1/381 saylı material üzrə qəbul etdiyi 12 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki: -şikayət verən İddiaçı polisdə verdiyi izahatında Xocalı rayonu işğal olunduqdan sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb yaşadığını, 2022-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhəri "Yeni qəsəbə 1500" bina-12 mənzil-21 ünvanında kirayədə yaşadığını, həmin vaxtlarda yaşadığı qəsəbədə ev almaq qərarına gəldiyini, sonra həmin qəsəbədə bina 21 mənzil 46 ünvanında olan mənzilin satıldığını bildiyini, ailə üzvlərinin həmin mənzilə baxdıqdan sonra mənzilin sahibi Bəhruz adlı şəxslə görüşdüyünü və birlikdə həmin mənzilə baxdıqlarını, Bəhruzun ona “evi sənin adına sənədləşdirə bilərəm” dediyini, mənzil üçün 18500 manata razılaşdıqlarını, həmin gün Bəhruzun kartına 500 (beş yüz) manat beh kimi pul göndərdiyini, bundan sonra Bəhruzun mənzili boşaltdığını bəzi əşyaların mənzildə qaldığını və buna görə də həmin əşyaların pulunu da ödədiyini, 10 may 2023-cü il tarixdə 6000 (altı min) dollar məbləğində pulu Gəncə şəhəri Yeni qəsəbədə yerləşən 12 saylı binanın qarşısında Bəhruza verdiyini, 12 may 2023-cü il tarixdə isə həmin mənzilə köçüb orada ailə üzvləri ilə birlikdə yaşamağa başladığını, bundan sonra təxminən 2023-cü ilin iyun ayında yenidən 4500 (dörd min beş yüz) manat pulu həmin ərazidə Bəhruza verdiyini, ona 3300 manat borcu qaldığını, daha sonra 2023-cü ilin iyul ayında 2300 (iki min üç yüz) manat pulu Gəncə şəhəri Yeni Qəsəbədə yaşadığı binanın qarşısında Bəhruza verdiyini, ümumilikdə Bəhruza həmin mənzilin alınması məqsədilə 17500 (on yeddi min beş yüz) manat pul verdiyini, bundan sonra Bəhruz həmin mənzili rəsmiləşdirmədiyinə görə Bəhruzla dəfələrlə əlaqə saxladığını, lakin Bəhruzun ona həmin mənzili sənədləşdirə bilməyəcəyini dediyini, ondan ona verdiyi pulu tələb etdikdə Bəhruz pulu qaytarmayacağını dediyini, ailə üzvlərinin Xocalı rayonu sakinləri olduqlarını, məcburi köçkün statusları olduğunu, həmin mənzillə maraqlanan zaman Bəhruzun ona “sən də məcburi köçkünsən, həmin evi sənin adına sənədləşdirəcəm, dediyini, lakin sonradan Bəhruzun həmin mənzilə görə ondan 17500 (on yeddi min beş yüz) manat pul aldıqdan sonra mənzilin sənədləşdirilməsinin mümkün olmadığını bildirib pulu geri qaytarmaqdan imtina etdiyini, Bəhruz adlı şəxslə aralarında mənzilin alınması və pulun verilməsi ilə bağlı hər hansı rəsmiləşdirmə olmadığını bildirmiş, -barəsində şikayət verilən Cavabdeh izahatında İddiaçı Kəlbəcər RPŞ-yə etmiş olduğu müraciətlə tanış olduğunu, Gəncə şəhəri Yeni Qəsəbə yaşayış massivində yerləşən bina-21 mənzil-46 ünyanını 2017-ci ilin avqust ayında Sənubər Məmmədova adlı qadından 21000 (iyirmi bir min) manata aldığını, həmin binanın məcburi köçkünlər üçün tikilib “Dövlətqaçqınkom” tərəfindən həmin şəxsə müvəqqəti kirayə müqaviləsi əsasında verildiyindən həmin mənzili öz adına sənədləşdirə bilmədiyini, lakin 2023-cü ilin may ayınadək həmin mənzildə yaşadığını, 2023-cü ilin may ayında Hasil adlı tanışının ona zəng edərək evi satıb-satmadığını soruşduğunu, əgər satırsa Hasilin Rauf adlı qohumuna satmasını xahiş etdiyini, daha sonra Raufla söhbəti zamanı Raufun ona “evin əşyalarını da ver” dediyini, evdə təxminən 12000 (on iki min) manat dəyərində əşyalar olduğunu, 2023-cü ilin may ayında Raufla razılaşdığını, ümumilikdə 18000 (on səkkiz min) manata evi əşyalarla birlikdə Raufa satdığını, həmin vaxtdan İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını, həmin vaxt Raufun ona birinci dəfə binanın qarşısında 12000 (on iki min) manat verdiyini, qalan pulu isə bir müddət sonra verəcəyini bildirdiyini, daha sonra isə müxtəlif vaxtlarda 3000 (üç min) manat, sonuncu dəfə- 8 sentyabrda isə ona 2500 (iki min beş yüz) manat pul verdiyini, İddiaçı həmin mənzil üçün ona ümumilikdə 17500 (on yeddi min beş yüz) manat pul verdiyini, qeyd olunan mənzili 2017-ci ildə başqa şəxsdən aldığını, 2023-cü ilin may ayınadək həmin mənzildə yaşadığını, lakin həmin mənzili öz adına sənədləşdirmədiyini, çünki həmin mənzilin “Dövlətqaçqınkomun” balansında olduğunu və həmin mənzil kirayə müqaviləsi əsasında vətəndaşlara müvəqqəti verildiyini, lakin həmin evin sahibləri ona həmin mənzildən imtina etmələri barədə ərizə verdiyini, İddiaçı həmin mənzili satarkən ona mənzildən imtina etməsi ilə bağlı ərizə verməsini təklif etsə də, Raufun ona “mən şəhid ailəsiyəm, mənə fərqi yoxdur, heç bir sənəd lazım deyil” dediyini, 2023-cü ilin may ayından etibarən İddiaçı öz ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını, lakin hazırki vaxtda Xocalı rayonu işğaldan azad olunması səbəbindən Raufun həmin mənzili geri qaytarmaq istədiyini, həmin mənzili Raufa satarkən sənədləşdirəcəyini ona söz vermədiyini bildirmiş, -mənzilin qanuni sahibi X4 izahatında məcburi köçkün olması səbəbindən 2017-ci ildə Gəncə şəhəri Yeni Qəsəbə yaşayış massivində bina-21 mənzil-46-ünvanı “Dövlətqaçqınkom”la bağlanan müqavilə əsasında müvəqqəti yaşamaq üçün ona verildiyini, həmin vaxt qızı Leyli ilə aralarında olan mübahisələr səbəbindən Leylinin həmin evə gəlməməsi üçün Bəhruz adlı qohumundan həmin evdə yaşamasını xahiş edib, özünün bir müddət başqa evdə yaşayacağını dediyini, həmin vaxt notariusda Bəhruzun həmin evdə qalması üçün razılıq ərizəsi verdiyini və həmin evdən imtina etməyini bildirdiyini, hazırda da həmin mənzildə yaşamadığını, Bəhruz adlı qohumunun həmin mənzili 18000 (on səkkiz min) manata başqa bir şəxsə satdığını bildirmişdir. Qərarda o da qeyd edilmişdir ki: Araşdırma zamanı materiala əlavə edilmiş 10 avqqust 2017-ci il tarixli 21-46 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, həmin mənzil X4, X5 və X3 verilmiş, eyni zamanda araşdırma materialına əlavə edilmiş X1 notarial qaydada verdiyi ərizədə həmin mənzildən könüllü olaraq imtina etdiyini və mənzilin Cavabdeh verilməsini istədiyini bildirmişdir. Qərarla həmçinin müəyyən edilmişdir ki: Cavabdeh faktiki yaşadığı Gəncə şəhəri Yeni Qəsəbə bina-21 mənzil-46 ünvanını 17500 (on yeddi min beş yüz) manat müqabilində İddiaçı satmış və həmin məbləğdə pulu İddiaçı alarkən onun niyyəti qeyd olunan pulu əvəzsiz qaydada almağa yönəlməmiş, aralarında şifahi qaydada olan alqı-satqı razılaşmasından sonra isə qeyd olunan mənzili İddiaçı vermiş, həmin mənzilə garşı hazırki müddətədək heç bir iddia irəli sürməmişdir və hazırda da İddiaçı həmin ünvanda yaşayır. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh həmin mənzili İddiaçı satarkən mənzildə olan bəzi əşyaları da ona vermişdir və hazırki müddətədək İddiaçı qeyd olunan məznildə yaşayaraq həmin əşyalardan istifadə etmişdir. Belə olan halda Cavabdeh əməli dələduzluq cinayəti kimi qiymətləndirilə bilməz və X8 Dadaşova Gəncə şəhəri Yeni Qəsəbə bina-21 mənzil-46 ünvanının alqı-satqısı ilə bağlı vermiş olduğu 17500 (on yeddi min beş yüz) manat məbləğində olan pulu tələb etməsi və eyni zamanda Cavabdeh həmin mənzildə qalmış və öz dediyinə görə ümumi dəyəri 12000 (on iki min) manat məbləğində olan ev əşyalarına dair pul tələb etməsi tərəflər arasında olan mübahisənin mülki xarakterli olmasını göstərir. Beləliklə, aparılmış araşdırma zamanı, Cavabdeh Gəncə şəhəri Yeni Qəsəbə-1500 yaşayış massivində yerləşən 21 saylı binanın 46 saylı mənzilində Sənubər Məmmədovanın həmin mənzildən imtina etməsi əsasında yaşaması, sonradan həmin mənzili əşyaları ilə birlikdə hər hansı rəsmiləşdirmə olmadan 17500 (on yeddi min beş yüz) manata İddiaçı satması, hazırda İddiaçı həmin mənzildə yaşaması məlum olduğundan və toplanmış materialda cinayət tərkibinin olmaması müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilməli, tərəflərə məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh iddiaçıya vurduğu ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddia təmin edildiyinə görə, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat xərcin pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, cəmi 17900 (on yeddi min doqquz yüz) manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, hər iki tərəf məcburi köçkün statusunda olduqlarından, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, tərəflərin məhkəmələrə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azad olunmalarını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat, həmçinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat xərcin pul əvəzi, cəmi 17900 (on yeddi min doqquz yüz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar