Məhkəmə qərarları › İş №e-2(040)-382/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-382/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-382/2024 02.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 1286,37 manat əsas, 22,76 manat faiz və 0,61 manat məbləğində cərimə, 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 4389,12 manat əsas, 79,90 manat faiz və 2,27 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5781,03 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77,81 manat məbləğində dövlət rüsumunun birgə qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsı əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1354,78 manat məbləğində kredit götürmüşdür. Cavabdeh4 kredit müqaviləsının 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsı üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 aprel 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 68,41 manat ödəniş etmiş, onun 1286,37 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 22,76 manat, hesablanmış cərimə 0,61 manat təşkil edir. Bundan başqa Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsı əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4575,69 manat məbləğində kredit götürmüşdür. Cavabdeh4 kredit müqaviləsının 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsı üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 aprel 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 186,57 manat ödəniş etmiş, onun 4389,12 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 79,90 manat, hesablanmış cərimə 2,27 manat təşkil edir. Kredit müqaviləsinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklənin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bankla bağladıqları zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsı üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 02 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4 əvvəl iştirak etdiyi 01 aprel 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək cəmi 5781,03 manat kredit borcunu və 77,81 manat məbləğində dövlət rüsumunu İddiaçı QSC-yə ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh2 əvvəl iştirak etdiyi 01 aprel 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh4 krediti götürdüyü zaman zaminlik müqaviləsində göstərilmiş verilmə müddəti qurtardığı halda zaminə qarşı vaxtında iddia irəli sürülməmişdir. Həmçinin sonuncu dəfə götürülən kreditin məbləğinin artmasından xəbəri olmamış və onun iştirakı olmadan kredit verilmişdir. İddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). İş materiallarında olan: İddiaçı QSC) ilə Cavabdeh4 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1354,78 manat məbləğində kredit verilmişdir. “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kredit verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı QSC) ilə Cavabdeh4 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4575,69 manat məbləğində kredit verilmişdir. “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kredit verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 30 dekabr 2019-cu il tarixli 005G**********01 saylı və 30 dekabr 2019-cu il tarixli 005G**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: 30 dekabr 2019-cu il tarixli 005G**********02 saylı və 30 dekabr 2019-cu il tarixli 005G**********02 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh3 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: 30 dekabr 2019-cu il tarixli 005G**********03 saylı və 30 dekabr 2019-cu il tarixli 005G**********03 saylı Zaminlik müqaviləsindən görünür ki, Borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışlarından görünür ki, Cavabdeh4 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 19 dekabr 2023-cü il tarixinə borcu 1286,37 manat əsas, 22,76 manat faiz və 0,61 manat məbləğində cərimə olmaqla cəmi 1309,74 manat, 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 16 noyabr 2023-cü il tarixinə borcu 4389,12 manat əsas, 79,90 manat faiz və 2,27 manat məbləğində cərimə olmaqla cəmi 4471,29 manat təşkil edir. İş materiallarında olan: 30 dekabr 2019-cu il tarixli kassa məxaric orderlərindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 cəmi 5930,47 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş (poçt qəbzləri var) 19 dekabr 2023-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh4 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh4 iki kredit müqaviləsi üzrə yaranmış cəmi 5781,03 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda, iddia tələbinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77,81 manat dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsı üzrə 1286,37 manat (min iki yüz səksən altı manat 37 qəpik) əsas, 22,76 manat (iyirmi iki manat 76 qəpik) faiz, 0,61 manat cərimə, 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 4389,12 manat (dörd min üç yüz səksən doqquz manat 12 qəpik) əsas, 79,90 manat (yetmiş doqquz manat 90 qəpik) faiz və 2,27 manat (iki manat 27 qəpik) məbləğində cərimə borcu olmaqla, cəmi 5781,03 manat (beş min yeddi yüz səksən bir manat 03 qəpik) kredit borcu, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 77,81 manat (yetmiş yeddi manat 81 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2: 1) 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsı üzrə 1286,37 manat (min iki yüz səksən altı manat 37 qəpik) əsas, 22,76 manat (iyirmi iki manat 76 qəpik) faiz, 0,61 manat cərimə, 2) 30 dekabr 2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 4389,12 manat (dörd min üç yüz səksən doqquz manat 12 qəpik) əsas, 79,90 manat (yetmiş doqquz manat 90 qəpik) faiz və 2,27 manat (iki manat 27 qəpik) məbləğində cərimə borcu olmaqla cəmi 5781,03 manat (beş min yeddi yüz səksən bir manat 03 qəpik) kredit borcu və ödənilmiş 77,81 manat (yetmiş yeddi manat 81 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar