Məhkəmə qərarları › İş №e-2(040)-428/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-428/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-428/2024 16.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X3 Qeyri-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun ödənilməsi tələbi” barədə iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 Qeyri-bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada əsas borc üzrə 7164 manat, faiz borcu üzrə 1465,79 manat, cərimə üzrə 600,17 manat olmaqla, ümumilikdə 9229,96 manat kredit borcunun və ödənilmiş 112,30 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2023-cü il tarixli, **********0902 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi olmaqla 9000 manat məbləğində kredit verilmişdir. Borclunun hər ay 483 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada üzərində Fincard adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq təşkilatla Cavabdeh2 və X4 arasında 16 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 15 fevral 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehlərin iddiaçıya olan borcunun məbləği əsas borc üzrə 7164 manat, faiz üzrə 1465,79 manat, cərimə üzrə 600,17 manat olmaqla, ümumilikdə borcları 9229,96 manat təşkil edir. İddiaçı MMM QBKT-nın nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMM QBKT (Kreditverən) ilə Cavabdeh1 (Kreditalan) arasında 16 fevral 2023-cü il tarixli **********0902 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Kredit verən tərəfindən Kredit alana 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir, Kredit alan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MMM QBKT ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 16 fevral 2023-cü il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit verən ilə Kredit alan arasında bağlanmış 16 fevral 2023-cü il tarixli **********0902 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş: İddiaçı MMM QBKT ilə X4 (zamin) arasında bağlanmış 16 fevral 2023-cü il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit verən ilə Kredit alan arasında bağlanmış 16 fevral 2023-cü il tarixli **********0902 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: 16 fevral 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 hesabına İddiaçı MMM QBKT tərəfindən 9000 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan: 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 7164 manat, faiz borcu üzrə 1465,79 manat, cərimə üzrə 600,17 manat olmaqla, cəmi borcu 9229,96 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və X2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi onlara qarşı hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Kreditverən qarşısında Kreditalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlərə hesablanmış 600,17 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehlərin üzərində 71 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 529,17 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 112,30 manat dövlət rüsumunun 107 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 7164 (yeddi min yüz altmış dörd) manat əsas, 1465,79 manat (min dörd yüz altmış beş manat 79 qəpik) faiz, 71 (yetmiş bir) manat cərimə olmaqla, cəmi 8700,79 manat (səkkiz min yeddi yüz manat 79 qəpik) kredit borcu və ödənilmiş 107 (yüz yeddi) manat dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X3 Qeyri-bank Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 7164 (yeddi min yüz altmış dörd) manat əsas, 1465,79 manat (min dörd yüz altmış beş manat 79 qəpik) faiz, 71 (yetmiş bir) manat cərimə olmaqla, cəmi 8700,79 manat (səkkiz min yeddi yüz manat 79 qəpik) kredit borcu və ödənilmiş 107 (yüz yeddi) manat dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı X3 Qeyri-bank Kredit Təşkilatına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar