Məhkəmə qərarları › İş №e-2(040)-499/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-499/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-499/2025 30.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15720,88 AZN (on beş min yeddi yüz iyirmi manat- 88 qəpik) pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş 60 AZN (altmış manat) və dövlət rüsumu kimi ödənilmiş 88 AZN (səksən səkkiz manat) xərcin Cavabdeh alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra- Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 23 iyun 2023-cü il tarixdə adminstrator vəzifəsinə işə qəbul olunmuş və tərəflər arasında “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 05 iyul 2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 18 yanvar 2024-cü il tarixdə və 27 may 2024-cü il tarixdə İddiaçı MMC-nin “Bərdə 13” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə 4529,64 AZN (dörd min beş yüz iyirmi doqquz manat- 64 qəpik) və 13606,70 AZN (on üç min altı yüz altı manat- 70 qəpik) zərər vurması müəyyən edilmişdir. İnventarizasiyalar yoxlaması zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 15720,88 AZN (on beş min yeddi yüz iyirmi manat- 88 qəpik) borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 15720,88 AZN (on beş min yeddi yüz iyirmi manat- 88 qəpik) borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə hazırlıq iclası 09 aprel 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 19 may 2025-ci il və 04 iyun 2025-ci il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 30 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazirliq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ona qarşı maddi ziyan tələbinə dair iddiasını qismən qəbul edir, belə ki, onun İddiaçınə hal-hazırda cəmi 3100 (üç min yüz) manat borcu qalmışdır. Belə ki, o, 31 iyul 2021-ci il tarixdən İddiaçı MMC-də satıcı-kassir vəzifəsində işə başlamış, 2023-cü ilin ortalarından adminstrator vəzifəsinə təyin olunmuşdur. Onun əmək fəaliyyəti dövründə bölgə müdiri yararlılıq vaxtına az qalan malları onun marketindən başqa marketə transfer edirdi. Birinci sayımda mallar əskik gələndə narazılıq etsə də, onun etirazına baxan olmamışdır. Hətta iş yerində quraşdırılmış videokameradan aşkar etmişdir ki, bölgə müdiri transfer etdiyi malları sistemə işləmir. İşlədiyi müddətdə maaışından əskiklərə görə tutulmalar olurdu. İddiaçı MMC-də 18 yanvar 2024-cü il tarixdə aparılmış inventarizasiya yoxlamasının nəticələri ilə razıdır. Həmin akta onunla bağlı 4529,65 AZN (dörd min beş yüz iyirmi doqquz manat- 65 qəpik) ziyan hesablanmışdır. Həmin məbləğdən 1429,65 AZN (bir min dörd yüz iyirmi doqquz manat- 65 qəpik) vəsait müxtəlif vaxtlarda onun əmək haqqından hissə-hissə tutulmuş, hal-hazırda onun 3100 AZN (üç min yüz manat) borcu qalmışdır. Lakin 27 may 2024-cü il tarixdə aparıldığı iddia edilən inventarizasiya yoxlamasından və həmin yoxlamanın nəticəsini bildirən 07 iyun 2024-cü il tarixli aktdan onun heç bir məlumatı olmamış və bununla bağlı heç bir sənədə imza etməmişdir. Həmçinin həmin borcla bağlı ona heç bir rəsmi xəbərdarlıq gəlməmiş, yalnız məhkəmədən məlumatlanmışdır. A4 formatlı, sonunda “Anar Abdullazadə” adı və imzası, “xx.xx.2024” tarixini ehtiva edən rəqəmlər olan vərəqdə “təhvil verən mağaza müdirinin (maddi məsul şəxsin) xüsusi qeydləri” qrafasında onun əlyazması ilə yazılmış “sayımda iştirak etdim; sayım qaydalara uyğun keçirildi; sonda qarşılaşdırma olundu; əskik məhsullarla tanış oldum; sayım qrupuna etirazım yoxdur” qeydləri onun 27 may 2024-cü il tarixdə aparıldığı iddia edilən inventarizasiya yoxlamasından və həmin yoxlamanın nəticəsindən razı olması kimi qəbul edilməməlidir (iddia ilə bağlı qısa məzmunlu yazılı izahatını da məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 31 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 18 yanvar 2024-cü il tarixində 4529,64 manat, 27 may 2024-cü il tarixində 13606,70 manat çatışmazlıq müəyyən edilmişdir, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 15720,88 manat borcu qalmışdır; beləliklə, Cavabdeh 31 oktyabr 2024-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 15720,88 AZN (on beş min yeddi yüz iyirmi manat-88 qəpik) təşkil edir. İş materiallarında olan: 18 yanvar 2024-cü il tarixli “Oba-Bərdə 13” filialında aparılmış “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair akt”dan görünür ki, “Oba-Bərdə 13” filialında cəmi 4529,64 manat məbləğində itki aşkar edilmişdir. İş materiallarında olan: 27 may 2024-cü il tarixli “Oba-Bərdə 13” filialında aparılmış “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair akt”da göstərilmişdir ki, “Oba Kubinka 1” filialında cəmi 12636,90 manat məbləğində itki aşkar edilmiş və mallara görə maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: 30 iyul 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh 30 iyul 2021-ci il tarixdə İddiaçı MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 23 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 23 iyun 2023-cü il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: İddiaçı üzrə 05 iyul 2024-cü il tarixli 63-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 23 iyun 2023-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00404) X1 tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli MŞB/20/2025-00063 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 08 iyul 2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, Cavabdeh 30 iyul 2021-ci il tarixdə İddiaçı MMC şirkətinə işə qəbul olunmuş və 05 iyul 2024-cü il tarixdə əmək müvaqiləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində cavabdeh iddiaçıya maddi ziyan vurmuş, bu da öz əksini 18 yanvar 2024-cü il tarixdə aparılmış inventarizasiya yoxlamasının nəticəsi olaraq cavabdehin özünün də iştirakı ilə iddiaçı tərəfindən 13 fevral 2024-cü il tarixdə tərtib edilmiş aktda tapmışdır; cavabdehin iddaçıya 4529,64 AZN (dörd min beş yüz iyirmi doqquz manat- 64 qəpik) borcu qalır. Cavabdeh həmin məbləğdən 1429,65 AZN (bir min dörd yüz iyirmi doqquz manat- 65 qəpik) vəsaitin müxtəlif vaxtlarda onun əmək haqqından hissə-hissə tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 4529,65 AZN (dörd min beş yüz iyirmi doqquz manat-65 qəpik) əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 65,29 AZN (altmış beş manat-29 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 4654,94 AZN (dörd min altı yüz əlli dörd manat-94 qəpik) pul vəsaitinin tələbinə dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməli, cavabdehdən 4654,94 AZN (dörd min altı yüz əlli dörd manat-94 qəpik) pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, cavabdeh həmin məbləğdən 1429,65 AZN (bir min dörd yüz iyirmi doqquz manat- 65 qəpik) vəsaitin müxtəlif vaxtlarda onun əmək haqqından hissə-hissə tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir- həmin hissədə sübutetmə yükü cavabdehin üzərinə düşür. İddia qalan hissədə əsassız olduğundan, yəni sübutlarla təsdiq edilmədiyindən, təmin edilməməlidir. Belə ki, mübahisə predmetinin əsasını təşkil edən 27 may 2024-cü il tarixdə “Oba-Bərdə 13” filialında aparıldığı iddia edilən inventarizasiya yoxlaması ilə bağlı 07 iyun 2024-cü il tarixdə tərtib edilmiş “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair akt” maddi-məsul şəxs qismində qeyd edilən Cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı tərəf həmin aktın cavabdeh tərəfindən imzalanmasından imtina edildiyini bildirsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir- imtina ilə bağlı 20 iyun 2024-cü il tarixdə tərtib edildiyi göstərilən həmin aktı məhkəmə mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: A4 formatlı, sonunda “Anar Abdullazadə” adı və imzası, “xx.xx.2024” tarixini ehtiva edən rəqəmlər olan vərəqdə “təhvil verən mağaza müdirinin (maddi məsul şəxsin) xüsusi qeydləri” qrafasında cavabdehin əlyazması ilə yazılmış “sayımda iştirak etdim; sayım qaydalara uyğun keçirildi; sonda qarşılaşdırma olundu; əskik məhsullarla tanış oldum; sayım qrupuna etirazım yoxdur” qeydləri cavabdehin 27 may 2024-cü il tarixdə aparıldığı iddia edilən inventarizasiya yoxlamasından və həmin yoxlamanın nəticəsindən razı olması kimi qəbul edilməməlidirbelə ki, həmin təhvil aktı mühasibatlıq standartlarının tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65,29 AZN (altmış beş manat-29 qəpik) dövlət rüsumunun pul əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4529,65 AZN (dörd min beş yüz iyirmi doqquz manat-65 qəpik) əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 65,29 AZN (altmış beş manat-29 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 4654,94 AZN (dörd min altı yüz əlli dörd manat-94 qəpik) pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar