Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-576/2024 13.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 23039,73 manat əsas, 481,13 manat faiz, cəmi 23520,86 manat məbləğində borcun və ödənilmiş 160,56 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 may 2023-cü il tarixli RGTK1693590B129 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 23787,70 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 ilə 30 may 2023-cü il tarixli Z- RGTK1693590B129 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə görə, zamin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən, borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin 02 aprel 2024-cü il tarixə İddiaçı ASC-yə 23039,73 manat əsas, 481,13 manat faiz, cəmi 23520,86 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 əvvəl iştirak etdiyi 15 may 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək, 23039,73 manat əsas, 481,13 manat faiz, cəmi 23520,86 manat məbləğində kredit borcunu və 160,56 manat dövlət rüsumunu imkanı olduqca İddiaçı ASC-yə ödəməyə razı olduğunu bildirmişdir (bu barədə ərizəsini təqdim etmişdir). İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 may 2023cü il tarixli RGTK1693590B129 saylı Kredit müqaviləsindən görünür ki, cavabdehə 83 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 23787,70 manat məbləğində kredit verilmişdir, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 may 2023-cü il tarixli Z-RGTK1693590B129 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 02 aprel 2024-cü il tarixə 30 may 2023-cü il tarixli, RGTK1693590B129 saylı kredit müqaviləsinə əsasən 23039,73 manat əsas, 481,13 manat faiz, cəmi 23520,86 manat borcu vardır. İş materiallarında olan: 30 may 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən 23787,70 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: cavabdehlərə göndərilmiş 18 mart 2024-cü il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh2 kredit müqavilələri əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən iki kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın 30 may 2023-cü il tarixli, RGTK1693590B129 saylı “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 160,56 manat dövlət rüsumunun pul əvəzi də cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 30 may 2023-cü il tarixli RGTK1693590B129 saylı kredit xətti müqaviləsi üzrə 23039,73 manat (iyirmi üç min otuz doqquz manat 73 qəpik) əsas, 481,13 manat (dörd yüz səksən bir manat 13 qəpik) faiz olmaqla, cəmi 23520,86 manat (iyirmi üç min beş yüz iyirmi manat 86 qəpik) məbləğində kredit borcu, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 160,56 manat (yüz altmış manat 56 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 23039,73 manat (iyirmi üç min otuz doqquz manat 73 qəpik) əsas, 481,13 manat (dörd yüz səksən bir manat 13 qəpik) faiz olmaqla, cəmi 23520,86 manat (iyirmi üç min beş yüz iyirmi manat 86 qəpik) məbləğində kredit borcu və ödənilmiş 160,56 manat (yüz altmış manat 56 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-576/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-576/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver