Məhkəmə qərarları › İş №e-2(040)-579/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-579/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-579/2024 10.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 13821,10 manat əsas, 1334,63 manat faiz olmaqla cəmi 15155,73 manat kredit borcunun və ödənilmiş 135,87 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 10 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 15 faiz olmaqla 15000 manat məbləğində kredit vermişdir. Eyni zamanda, 10 mart 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, digər Cavabdeh2 (zamin) kredit alanın kredi müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri icra etməmişdir. Nəticədə cavabdehin 28 mart 2024-cü il tarixinə 13821,10 manat əsas, 1334,63 manat faiz olmaqla cəmi 15155,73 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar nəticəsiz qalmışdır. Cavabdeh1 vəsatətinə əsasən 12 iyun 2024-cü il tarixli məhkəmə baxış iclasında mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Ekspertin rəyi məhkəməyə gəldikdən sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası 02 sentyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 10 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azər-Türk Bank” ASC-nin nümayəndəsi Nümayəndə 08 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh (borcalan) Cavabdeh1 arasında bağlanmış 10 mart 2023-cü il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə, illik 15 faiz olmaqla 15000 manat məbləğində kredit vermiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 10 mart 2023-cü il tarixli 1130743/33402 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 10 mart 2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə cəmi 2092 manat ödəniş etmiş, onun 28 mart 2024-cü il tarixinə 13821,10 manat əsas, 1334,63 manat faiz olmaqla cəmi 15155,73 manat kredit borcu vardır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2024-cü il tarixli 9/5181 saylı ekspert rəyindən görünür ki, 10 mart 2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh1nın 28 mart 2024cü il tarixəİddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu: 13823,17 manat əsas, 1308,50 manat faiz olmaqla cəmi 15131,67 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan: 10 mart 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 15000 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: cavabdehə göndərilmiş 05 dekabr 2023-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və buna görə borcu yaranmışdır. Lakin iddia ərizəsində cavabdehlərin borcu 13821,10 əsas, 1334,63 manat faiz cəmi 15155,73 manat göstərilsə də, ekspert rəyində 10 mart 2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcları 13823,17 manat əsas, 1308,50 manat faiz olmaqla cəmi 15131,67 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 10 mart 2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borcunun məbləği dəyişdirilmədən 13821,10 manat (on üç min səkkiz yüz iyirmi bir manat 10 qəpik) qalmalı, faiz borcunun məbləği isə ekspertiza rəyinə uyğun olaraq 1308,50 manat (min üç yüz səkkiz manat 50 qəpik) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə, eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qanuni və əsaslı olduğundan, təmin edilməlidir.Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135,87 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi- 135,38 manat (yüz otuz beş manat 38 qəpik) hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 13821,10 manat (on üç min səkkiz yüz iyirmi bir manat 10 qəpik) əsas, 1308,50 manat (min üç yüz səkkiz manat 50 qəpik) faiz olmaqla, cəmi 15129,6 manat (on beş min yüz iyirmi doqquz manat 60 qəpik) kredit borcu və 135,38 manat (yüz otuz beş manat 38 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan 26,13 manat borc tələbi həssəsində əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13821,10 manat (on üç min səkkiz yüz iyirmi bir manat 10 qəpik) əsas, 1308,50 manat (min üç yüz səkkiz manat 50 qəpik) faiz olmaqla, cəmi 15129,6 manat (on beş min yüz iyirmi doqquz manat 60 qəpik) kredit borcu və ödənilmiş 135,38 manat (yüz otuz beş manat 38 qəpik) dövlət rüsumunun pul əvəzi birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 (əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin “Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1: KOD-210005, VÖEN- **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************” nömrəli hesabına keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar