Məhkəmə qərarları › İş №e-2(040)-63/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-63/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-63/2025 13.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “X2” ASC-nin xeyrinə 14688 AZN (on dörd min altı yüz səksən səkkiz manat) əsas borc, 2886,60 AZN (iki min səkkiz yüz səksən altı manat-60 qəpik) faiz borcu olmaqla, cəmi 17574,60 AZN (on yeddi min beş yüz yetmiş dörd manat-60 qəpik) məbləğində kredit borcunun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 142,79 AZN (bir yüz qırx iki manat-79 qəpik) dövlət rüsumunun və rüsumun ödənilməsinə görə ödənilmiş 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə cavabdehə 120 ay müddətinə 300000 AZN (üç yüz min manat) kredit ayrılması nəzərdə tutulmuş və 06 dekabr 2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 15000 AZN (bir on beş min manat) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur: cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin 23 sentyabr 2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 14688 AZN (on dörd min altı yüz səksən səkkiz manat) əsas, 2886,60 AZN (iki min səkkiz yüz səksən altı manat-60 qəpik) faiz, 0 AZN (sıfır manat) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 17574,60 AZN (on yeddi min beş yüz yetmiş dörd manat-60 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh 16 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlar "xxxx" KB ASC-nin Gəncə şəhəri Kəpəz filialından kredit götürərkən bankın kredit mütəxəssisi olan İslam adlı şəxs onlara ayrılan kreditdən 5700 (beş min yeddi yüz) manat onlara pul vermişdir; onlar kimi yüzə yaxın şəxsi də eyni vəziyyətə salmışdır. Onlar nə qədər banka müraciət etsələr də, İslam adlı şəxslə onları üzləşdirməmişlər; bu vəziyyətdə də məhkəməyə müraciət etmişlər. Odur ki, iddianı iddia tələbində göstərilən məbləğdə qəbul etmir, mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. Kəlbəcər Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli e-2(040)-1193/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə məhkəmə icraatının dayandırılması qərara alınmış, Kəlbəcər Rayon Məhkəməsinin 25 may 2025-ci il tarixli e- 2(040)-63/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə təkrar məhkəmə hazırlıq iclası 18 iyun 2025-ci il tarixə təyin edilmiş və təxirə salınaraq 09 iyul 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 13 avqust 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 07 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 13 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, bankdan 5700 (beş min yeddi yüz) manat məbləğində kredit götürmüşdür; bankın işçisi İslam adlı şəxs onu aldatmışdır, belə ki, ona yalnız 5700 (beş min yeddi yüz) manat məbləğdə kredit çatmışdır, ona görə də 5700 (beş min yeddi yüz) manat məbləğdə kredit borcunu ödəməyə razıdır. Mülki iş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -23 sentyabr 2024-cü il tarixli 2776micKPZ/23 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 15000 AZN (bir on beş min manat) məbləğində kredit vermişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. -23 sentyabr 2024-cü il tarixli 2776micKPZ/23 saylı əlavə kredit müqaviləsindən və həmin müqaviləsindən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 36 ay müddətinə, 06 dekabr 2026-cı il tarixinədək illik 25 faiz (faktiki illik faiz dərəcəsi 25,76) ödəmək şərtilə 9 ay güzəşt müddəti ilə 15000 AZN (bir on beş min manat) məbləğində kredit vermişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. -"xxxx" KB ASC tərəfindən tərtib edilmiş 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2776micKPZ/23 saylı kredit müqaviləsi üzrə 14688 AZN əsas, 2886,60 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17574,60 AZN borcu yaranmışdır. -"xxxx" KB ASC tərəfindən tərtib edilmiş 13 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2776micKPZ/23 saylı kredit müqaviləsi üzrə 312 AZN (üç yüz on iki manat) ödəniş etmişdir. -İddiaçı tərəfindən cavabdehə göndərilmiş 17 may 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. -Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin keçirmiş olduğu məhkəmə-mühasibatlıq ekspertizasının 01 may 2025-ci il tarixli 9/603 nömrəli rəyindən görünür ki, 06 dekabr 2023-cü il tarixli 2776micKPZ/23 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh 23 sentyabr 2024-cü il tarixə: 14688,00 manat əsas borcu, 2927,40 manat faiz borcu vardır. -“Ekspert xərclərinə dair bildiriş”dən görünür ki, aparlmış tədqiqatın dəyəri 100 AZN (bir yüz manat) təşkil edir. -Azərbaycan Respublikası Mərkəzi X3 Portalının 23 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 142,79 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 142,79 AZN (bir yüz qırx iki manat-79 qəpik) dövlət rüsumu və 40 qəpik xidmət haqqının pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Cavabdeh 14688 AZN (on dörd min altı yüz səksən səkkiz manat) əsas borc və 2886,60 AZN (iki min səkkiz yüz səksən altı manat-60 qəpik) faiz borcu olmaqla, cəmi 17574,60 AZN (on yeddi min beş yüz yetmiş dörd manat-60 qəpik) məbləğdə kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 142,79 AZN (bir yüz qırx iki manat-79 qəpik) dövlət rüsumu və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə 17717,39 AZN (on yeddi min yeddi yüz on yeddi manat-39 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh həmçinin 100 (bir yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına- “büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu- 3; SAP (XİİS) hesabı; adı- X1; kodu-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi; VÖEN- **********; hesab- AZ34CTRE********************” ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14688 AZN (on dörd min altı yüz səksən səkkiz manat) əsas borc və 2886,60 AZN (iki min səkkiz yüz səksən altı manat-60 qəpik) faiz borcu olmaqla, cəmi 17574,60 AZN (on yeddi min beş yüz yetmiş dörd manat-60 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 142,79 AZN (bir yüz qırx iki manat-79 qəpik) dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, ümumilikdə 17717,39 AZN (on yeddi min yeddi yüz on yeddi manat-39 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Cavabdeh həmçinin 100 (bir yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına- “büdcə təsnifatının kodu: 142595; büdcə səviyyəsinin kodu- 3; SAP (XİİS) hesabı; adı- X1; kodu-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi; VÖEN- **********; hesab- AZ34CTRE********************” ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar