Məhkəmə qərarları › İş №e-2(040)-650/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-650/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-650/2025 23.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənetdim: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 17 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat məbləğində borcunbundan 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borcun və 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55,90 (əlli beş manat 90 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 17 iyul 2019cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3466,13 (üç min dörd yüz altmış altı manat 13 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat məbləğində borcu vardır. Bundan 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borc və 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) manat faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 07 sentyabr 2023-cü il tarixli **********859 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2022-ci il tarixdə isə banka 5 (beş) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: LPO "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsinə borclu Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3466,13 (üç min dörd yüz altmış altı manat 13 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. “Borcalan” isə müəyyən olunmuş müddətdə kredit borcları və hesablanacaq faizləri “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719- 01/ZM/1 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01/ZM/1 nömrəli zaminlik müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan: LPO "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borcun və 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) faiz borcu, cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat borcu vardır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan: cavabdehlərə göndərilmiş (poçt qəbzi var) 07 sentyabr 2023cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edirəm ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də iddiaçı qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 55,90 manat (əlli beş manat 90 qəpik) dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borcun, 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) faiz borcunun, cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 55,90 manat (əlli beş manat 90 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 3645,68 manat (üç min altı yüz qırx beş manat 68 qəpik) tutularaq iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar