Məhkəmə qərarları › İş №e-2(040)-687/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-687/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-687/2024 07.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17771,87 manat əsas, 3028,72 manat faiz olmaqla, cəmi 20800,59 manat kredit borcunun, ödənilmiş 107,66 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli, 023 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 27200 manat məbləğində kredit verilmişdir. Borclu müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, borcalan (cavabdeh) Banka olan borcunu ödəməmişdir. Nəticədə 26 aprel 2024-cü il tarixə cavabdehin 17771,87 manat əsas, 3028,72 manat faiz olmaqla, cəmi 20800,59 manat məbləğində borcu yaranmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 023 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 16 noyabr 2027-ci ilə kimi illik 10 faiz dərəcəsi ilə 27200 manat məbləğində kredit verilmişdir, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: Maliyyə arayışından görünür ki, Cavabdeh 26 aprel 2024-cü il tarixə cəmi 20303,3 manat ödəniş etmiş, onun "xxxx" ASC-yə olan borcu - 17771,87 manat əsas, 3028,72 manat faiz olmaqla, cəmi 20800,59 manat təşkil edir. İş materiallarında olan: 16 noyabr 2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 27200 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 02 aprel 2024cü il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 107,66 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı dövlət rüsumunun məbləğini “Dövlət rüsumu” haqqında Qanunun 8.1.3 maddəsində müəyyən edilmiş məbləğdən az ödədiyindən rüsumun 44,74 manat kəsir hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 noyabr 2017-ci il tarixli 023 saylı kredit müqaviləsinə əsasən 17771,87 manat (on yeddi min yeddi yüz yetmiş bir manat 87 qəpik) əsas, 3028,72 manat (üç min iyirmi səkkiz manat 72 qəpik) faiz olmaqla, cəmi 20800,59 manat (iyirmi min səkkiz yüz manat 59 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 107,66 manat (yüz yeddi manat 66 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Cavabdeh əlavə olaraq 44,74 manat (qırx dörd manat 74 qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 17771,87 manat (on yeddi min yeddi yüz yetmiş bir manat 87 qəpik) əsas, 3028,72 manat (üç min iyirmi səkkiz manat 72 qəpik) faiz olmaqla, cəmi 20800,59 manat (iyirmi min səkkiz yüz manat 59 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 107,66 manat (yüz yeddi manat 66 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh əlavə olaraq 44,74 manat (qırx dörd manat 74 qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar