Məhkəmə qərarları › İş №e-2(040)-701/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-701/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-701/2025 09.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11519,61 AZN (on bir min beş yüz on doqquz manat- 61 qəpik) məbləğində kredit bоrcu, 813,88 AZN (səkkiz yüz on üç manat-88 qəpik) məbləğində faiz bоrcu və 201,42 AZN (iki yüz bir manat-42 qəpik) məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12534,91 AZN (on iki min beş yüz otuz dörd manat- 91 qəpik) məbləğində bоrcun və tərəflərindən ödənilmiş 127,60 AZN (bir yüz iyirmi yeddi manat- 60 qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh, İddiaçı QSC ilə 25 iyun 2023-cü il tarixdə razılaşdırılmış 030A********** saylı ərizəyə (bankın ümumi ofertasının tərəflər arasında qarşılıqlı razılaşdırılmasını əks etdirən ərizə-anket nəzərdə tutulur- hakimin qeydi) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,6667 faiz оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan “1 saylı Əlavə”də müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14700 AZN (on dörd min yeddi yüz manat) məbləğində kredit götürmüşdür. Cavabdeh 25 sentyabr 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit bоrcundan 3180,39 AZN (üç min yüz səksən manat- 39 qəpik) ödəniş etmiş və оnun iddiaçıya 11519,61 AZN (on bir min beş yüz on doqquz manat- 61 qəpik) məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığına görə 07 fevral 2025-ci il tarixə 135 gün üçün hesablanmış faiz borcu 813,88 AZN (səkkiz yüz on üç manat-88 qəpik) təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 07 fevral 2025-ci il tarixə 135 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 201,42 AZN (iki yüz bir manat- 42 qəpik) təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən, bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddiaçı QSC-nin nümayəndəsi X1 08 iyul 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 11019,61 AZN (on bir min on doqquz manat-61 qəpik) məbləğində kredit borcu, 813,88 AZN (səkkiz yüz on üç manat-88 qəpik) məbləğində faiz borcu və 201,42 AZN (iki yüz bir manat-42 qəpik) məbləğində cərimə olmaqla, ümumilikdə 12034,91 AZN (on iki min otuz dörd manat-91 qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 127,60 AZN (bir yüz iyirmi yeddi manat- 60 qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 09 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Kreditverən İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi və müştəri Cavabdeh tərəfindən razılaşdırılmaqla kağız daşıyıcıda imzalanmış 25 iyun 2023cü il tarixli “Ərizə”dən (bankın ümumi ofertasının tərəflər arasında qarşılıqlı razılaşdırılmasını əks etdirən ərizə-anketdir, mahiyyətcə ikitərəfli əqddir-hakimin qeydi) görünür ki, Cavabdeh İddiaçı QSC-dən 25 iyun 2023-cü il tarixdə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 14700 manat kredit götürmək üçün müraciət etmiş və həmin şərtlərlə (həmçinin kreditin maksimum faiz dərəcəsi: 28 faiz, maksimum FİFD: 35,30 faiz olmaqla) kreditin verilməsi qarşılıqlı razılaşdırılmışdır. Həmin “Ərizə”də müştərinin adından o da bəyan edilir ki, “başa düşürəm və qəbul edirəm ki, kreditin məbləği, kreditin faiz dərəcəsi, FİFD və kredit müddəti hər bir halda Bankın telefonuma göndərdiyi SMS və ya “MyAccess” vasitəsilə təqdim etdiyi məlumatla müəyyən olunacaqdır”. İş materiallarında olan: İddiaçı QSC tərəfindən 030A********** nömrəli kredit müqaviləsinə əlavə olaraq tərtib edilmiş və tərəflər arasında qarşılıqlı razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, müştəri Cavabdeh 25 iyun 2023-cü il tarixdə veriləcək 14700 (on dörd min yeddi yüz) manat kreditin 25 iyul 2023-cü il tarixdən başanmaqla 48 ay müddətində hər ay hissə-hissə annuitet şəkildə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan: İddiaçı QSC tərəfindən tərtib olunaraq kağız daşıyıcıda çap olunmuş, müştəri Cavabdeh ilə bağlı 25 iyun 2023-cü il tarixdən 07 fevral 2025-ci il tarixədək olan dövr üzrə məlumatları əks etdirən “Hesabdan çıxarış”dan görünür ki, həmin cari hesab üzrə 25 iyun 2023-cü il tarixdən başlanmaqla və son əməliyyatın tarixi 07 oktyabr 2024-cü il tarixdə olmaqla müxtəlif vaxtlarda maliyyə əməliyyatları aparılmışdır. İş materiallarında olan: İddiaçı QSC tərəfindən tərtib olunmuş 07 fevral 2025-ci il tarixli aliyyə arayışından görünür ki, Cavabdeh 25 iyun 2023-cü il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 07 fevral 2025-ci il tarixinə borcu 11519,61 manat əsas, 813,88 manat faiz və 201,42 manat məbləğində cərimə olmaqla cəmi 12534,91 manat təşkil edir. İş materiallarında olan: İddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 07 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən-11019,61 AZN (on bir min on doqquz manat-61 qəpik) əsas, 813,88 AZN (səkkiz yüz on üç manat-88 qəpik) faiz, 201,42 AZN (iki yüz bir manat-42 qəpik) cərimə borcu olmaqla, cəmi 12034,91 AZN (on iki min otuz dörd manat-91 qəpik) kredit borcu, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 126,10 AZN (bir yüz iyirmi altı manat-10 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh kredit müqaviləsi üzrə yaranmış cəmi 12034,91 AZN (on iki min otuz dörd manat-91 qəpik) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126,10 AZN (bir yüz iyirmi altı manat-10 qəpik) dövlət rüsumunun pul əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 iyun 2023-cü il tarixli kredit müqaviləsı üzrə 11019,61 AZN (on bir min on doqquz manat-61 qəpik) əsas, 813,88 AZN (səkkiz yüz on üç manat-88 qəpik) faiz, 201,42 AZN (iki yüz bir manat-42 qəpik) cərimə borcu olmaqla, cəmi 12034,91 AZN (on iki min otuz dörd manat- 91 qəpik) kredit borcu, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 126,10 AZN (bir yüz iyirmi altı manat-10 qəpik) məbləğində dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 1,50 AZN (bir manat- 50 qəpik) dövlət rüsumunun tələbinə dair hissədə əsassız olduğundan, yəni Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tutulmalı olduğundan, həmin hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 11019,61 AZN (on bir min on doqquz manat-61 qəpik) əsas borc, 813,88 AZN (səkkiz yüz on üç manat-88 qəpik) faiz borcu və 201,42 AZN (iki yüz bir manat-42 qəpik) cərimə borcu olmaqla, cəmi 12034,91 AZN (on iki min otuz dörd manat-91 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 126,10 AZN (bir yüz iyirmi altı manat-10 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 12161,01 AZN (on iki min bir yüz altmış bir manat-01 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar