Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-710/2024 11.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh (borcalanın mirası qəbul etmiş vərəsəsinə) qarşı kiçik iddialara dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 636,83 AZN (altı yüz otuz altı manat- 83 qəpik) əsas borc, 172,46 AZN (yüz yetmiş iki manat-46 qəpik) faiz borcu, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 809,29 AZN (səkkiz yüz doqquz manat-29 qəpik) kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Xəlilov Rac Xəlil oğlu arasında bağlanmış 04 oktyabr 2016-cı il tarixli 005CASA162780006 saylı kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 808 (səkkiz yüz səkkiz) manat məbləğində kredit verilmiş, Xəlilov Rac Xəlil oğlu 28 noyabr 2016-cı ildə vəfat etmişdir. Cavabdeh mərhumun qanun üzrə vərəsəsidir. X8 Xəlil oğlu kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh mərhum ərinin borcunu ödəməmişdir. Nəticədə 07 may 2024-cü il tarixə cavabdehin 636,83 AZN (altı yüz otuz altı manat-83 qəpik) əsas, 172,46 AZN (yüz yetmiş iki manat-46 qəpik) faiz olmaqla, cəmi 809,29 AZN (səkkiz yüz doqquz manat-29 qəpik) məbləğində borcu yaranmışdır. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi 08 iyul 2024-cü il tarixli ərizədə iddia tələbini qəbul etmədiyini, kredit borcunnan xəbəri olmadığını bildirərək iddia tələbininin iddia icraatında baxılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(040)-710/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onun mərhum əri Xəlilov Rac Xəlil oğlu 28 noyabr 2016-cı ildə faciəvi şəkildə həlak olmuşdur. Mərhum ərinin təqribən doqquz il əvvəl kredit götürməsinə, ödəniş etməməsinə və ölməsinə baxmayaraq, borcverən İddiaçı tərəfindən keçən illər ərzində ona heç bir məlumat verilməmiş və yalnız indi anidən onu məhkəməyə vermişlər. İddianı əsassız hesab edir, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: İddiaçı ASC ilə Xəlilov Rac Xəlil oğlu (borcalan) arasında bağlanmış 04 oktyabr 2016-cı il tarixli 005CASA162780006 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 12 ay müddətinə 04 oktyabr 2017-ci ilə kimi illik 29 faiz dərəcəsi ilə 808 (səkkiz yüz səkkiz) manat məbləğində kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: İddiaçı ASC-nin səlahiyyətli vəzifəli şəxsi-Gəncə filialınıln müdiri Elşən Musayev və icraçı Nigar Əliyeva tərəfindən tərtib edilmiş 07 may 2024-cü il tarixli maliyyə arayışından (Əlavə № 12) görünür ki, Xəlilov Rac Xəlil oğlunun 04 oktyabr 2016-cı il tarixli 005CASA162780006 saylı kredit müqaviləsi üzrə 07 may 2024-cü il tarixə borcu - 636,83 manat əsas, 172,46 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 809,29 manat təşkil edir. İş materiallarında olan: Goranboy Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X.Aslanov tərəfindən “V-55/17” nömrəli vərəsəlik işi üzrə verilmiş 28 mart 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən (notariat işinin reyestr nömrəsi: 2V-1-84) görünür ki, miras qoyan Xəlilov Rac Xəlil oğlunun arvadı Cavabdeh, qızı-26 mart 2005-ci il tarixdə doğulmuş X3 və oğlu-07 iyun 2009-cu ildə doğulmuş X4 28 noyabr 2016-cı ildə ölmüş Xəlilov Rac Xəlil oğlunun qanun üzrə vərəsələri hesab edilmişlər. İş materiallarında olan: Şəmkir Rayon Qeydiyyat Şöbəsinin 06 aprel 2023-cü il tarixli 806 saylı arayışdan görünür ki, Xəlilov Rac Xəlil oğlu 28 noyabr 2016-cı ildə ölmüşdür. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 08 may 2024cü il tarixli pretenziyadan (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq göndərilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı ASC ilə X8 Xəlil oğlu arasında kredit müqaviləsi 04 oktyabr 2016-cı tarixində 12 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 04 oktyabr 2017-ci il tarixdə bitmişdir. Kredit müqaviləsi üzrə borcalan Rac Xəlilov 28 noyabr 2016-cı il tarixdə vəfat etmiş və mərhumun arvadı-Cavabdeh mərhumun vərəsəsi olaraq 28 mart 2017-ci il tarixdə mirası qəbul etdiyindən, müqavilənin bitdiyi 04 oktyabr 2017-ci il tarixdə iddia müddətinin axımı başlanmışdır. İş materiallarından o da görünür ki, iddia müddətinin tətbiqi barədə Cavabdeh tərəfindən məhkəməyə ərizə verilmişdir. Beləliklə, məhkəmə is materiallarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilə X8 Xəlil oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin axımı 04 oktyabr 2017-ci tarixdə başlamış və 04 oktyabr 2020-ci ildə bitmişdir. Lakin İddiaçı ASC məhkəməyə yalnız 27 may 2024-ci ildə müraciət etmiş və kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia üzrə üç illik iddia müddəti keçmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-710/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-710/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver