Məhkəmə qərarları › İş №e-2(040)-737/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-737/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-737/2025 13.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, müəyyənetdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2152,50 manat əsas borc, 10,29 manat faiz, cəmi 2162,79 manat məbləğində kredit borcu və ödənilmiş 41,63 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 27 may 2023-cı il tarixli Çərçivə Kredit müqaviləsinə əsasən ona 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 717,50 AZN (yeddi yüz on yeddi manat 50 qəpik) məbləğində təhsil krediti ayrılmışdır. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş 12 yanvar 2024-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 717,50 AZN (yeddi yüz on yeddi manat 50 qəpik), 15 may 2024-ci il tarixli Əlavəyə əsasən isə daha 717,50 AZN (yeddi yüz on yeddi manat 50 qəpik) təhsil krediti verilmişdir. Kredit müqaviləsinin 2.3 və 2.3.1-ci maddələrinə əsasən borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Qrafik üzrə ödəniş nəzərdə tutulmayan güzəşt dövründə borcalanın əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. Kredit məbləğinə faiz hesablanmağa başlanır, kredit ödənişi tələbi formalaşır və möhlət dövrü bitməmiş tələbə işdən çıxarılarsa möhlət dövrü bərpa edilmir. Cavabdehin 15 aprel 2025-ci il tarixə İddiaçı ASC-yə 2152,50 AZN (iki min yüz əlli iki manat 50 qəpik) əsas, 10,29 (on manat 29 qəpik) AZN faiz cəmi 2162,79 AZN (iki min yüz altmış iki manat 79 qəpik) borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2023-cü il tarixli TTKR1649062B299 saylı Çərçivə kredit müqaviləsindən görünür ki, cavabdehə 10 il müddətinə illik 2 faiz dərəcəsi ilə 717,50 manat məbləğində kredit verilmişdir. “Borcalan” isə müəyyən olunmuş müddətdə kredit borcları və hesablanacaq faizləri “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2023-cü il tarixli TTKR1649062B299 saylı Çərçivə kredit müqaviləsinə 259277 saylı əlavədən görünür ki, cavabdehə 150 ay müddətinə illik 2 faiz dərəcəsi ilə 717,50 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2023-cü il tarixli TTKR1649062B299 saylı Çərçivə kredit müqaviləsinə 265992 saylı əlavədən görünür ki, cavabdehə 146 ay müddətinə illik 2 faiz dərəcəsi ilə 717,50 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış 27 may 2023-cü il tarixli Çərçivə kredit müqaviləsi üzrə 15 aprel 2025-ci il tarixə 2152,50 manat əsas, 10,29 manat faiz olmaqla, cəmi 2162,79 manat borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 07 mart 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 2152,50 (iki min yüz əlli iki manat 50 qəpik) manat əsas, 10,29 manat (on manat 29 qəpik) faiz, cəmi 2162,79 (iki min yüz altmış iki manat 79 qəpik) manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 41,63 manat (qırx bir manat 63 qəpik) dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia tələbi təmin edilsin. Cavabdeh 2152,50 (iki min yüz əlli iki manat 50 qəpik) manat əsas borc, 10,29 manat (on manat 29 qəpik) faiz olmaqla cəmi 2162,79 manat (iki min yüz altmış iki manat 79 qəpik) kredit borcu və ödənilmiş 41,63 manat (qırx bir manat 63 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 2204,42 manat (iki min iki yüz dörd manat 42 qəpik) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar