Məhkəmə qərarları › İş №e-2(040)-787/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-787/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-787/2025 11.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcərə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14266,70 AZN (on dörd min iki yüz altmış altı-70 qəpik) əsas, 940,97 AZN (doqquz yüz qırx manat-97 qəpik) faiz borcu olmaqla, cəmi 15207,67 AZN (on beş min iki yüz yeddi min-67 qəpik) borcun və dövlət rüsumu olaraq ödənilmiş 136,08 AZN (yüz otuz altı manat-08 qəpik) məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 AZN (üç yüz min manat) 120 ay müddətinə kredit xətti ayrılmış və 16 oktyabr 2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 20000 AZN (iyirmi min manat) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 aprel 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 14266,70 AZN (on dörd min iki yüz altmış altı-70 qəpik) əsas, 940,97 AZN (doqquz yüz qırx manat- 97 qəpik) faiz, 0 AZN (sıfır manat) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 15207,67 AZN (on beş min iki yüz yeddi min-67 qəpik) borcu yaranmışdır Mülki iş üzrə məhkəmə hazırlıq iclası 12 iyun 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 17 iyul 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı 18 avqust 2025-ci il tarixə təxirə salınmış, 18 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi və ekspert rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. 12 noyabr 2025ci il tarixdə ekspert rəyi məhkəməyə daxil olmuş, iş üzrə icraat təzələnmiş, məhkəmə baxışı iclası 11 dekabr 2025-ci il tarixə təyin edilmişdir. 11 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı müəyyən edilmişdir ki, hazırki mülki işə baxılması məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinin səlahiyyətinə aiddir. Belə ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti (VÖEN: **********) hüquqi şəxs olaraq, Cavabdeh1 (VÖEN: **********) fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar; Cavabdeh1 VÖEN 06 iyul 2015-ci il tarixdə verilmişdir (halhazırda fəaliyyəti aktivdir). Həmçinin, iş materiallarında olan, tərəflər arasında bağlanmış 16 oktyabr 2023-cü il tarixli 3860micGNDJ/23 saylı “Əlavə kredit müqaviləsi”nin 1.4-cü bəndindən görünür ki, kreditin məqsədli təyinatı olaraq “dövriyyə vəsaitinin alınması və cari xərclər” göstərilmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etirazlarının olmadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, krediti fərdi sahibkar olaraq işlətdiyi sexin fəaliyyəti üçün götürmüş və həmin məqsədə xərcləmişdir. Əlavə olaraq, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının: -10-cu bəndinin mənasından görünür ki, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. -11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir; MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Mülki Prosessual Məcəllənin: -31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. -32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. -32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. -32.4-cü maddəsinə sasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. -32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. -32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. -32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir; məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir; məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş mahiyyətcə iki sahibkarlıq subyekti ("xxxx" X4 Səhmdar Cəmiyyəti və fərdi sahibkar Cavabdeh1) arasında olan kommersiya mübahisəsidir və buna görə də baxılması üçün aidiyyəti üzrə (eyni zamanda Mülki Prosessual Məcələnin 35.1-ci maddəsinə əsasən ərazi aidiyyəti nəzərə alınmaqla) Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə e-2(040)- 787/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar