Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-79/2025 10.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 (13 may 2024-cü il tarixdə vəfat edib-hakimin qeydi), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17124,56 AZN (on yeddi min bir yüz iyirmi dörd manat-56 qəpik) əsas borc, 745,17 AZN (yeddi yüz qırx beş manat-17 qəpik) faiz borcu və 31,86 AZN (otuz bir manat-86 qəpik) cərimə borcunun, cəmi 17901,59 AZN (on yeddi min doqquz yüz bir manat-59 qəpik) kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 AZN (bir yüz qırx üç manat-71 qəpik) dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi Bankla digər cavabdehlər Cavabdeh2 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3 ilə 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər. “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq 23 avqust 2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Həsənov Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müaviləsi şərtlərinə əməl etmədiyindən, cavabdeh Həsənov Cavabdeh1 özünə, eləcə də öhdəlik üzrə zaminlər- cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərini Bank qarşısında icra etməyən Cavabdeh1 19 sentyabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17124,56 AZN (on yeddi min bir yüz iyirmi dörd manat-56 qəpik) əsas borc, 745,17 AZN (yeddi yüz qırx beş manat-17 qəpik) faiz borcu və 31,86 AZN (otuz bir manat- 86 qəpik) cərimə borcu, cəmi 17901,59 AZN (on yeddi min doqquz yüz bir manat-59 qəpik) məbləğdə kredit borcu qalmaqdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti sonradan 29 oktyabr 2024-cü il tarixdə iddia tələbinin azaldılmasına dair ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 vəfat etməsi səbəbindən, həmin vəfat etmiş cavabdehə qarşı iddia tələbindən imtina etmək zərurəti yarandığından, hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17124,56 AZN (on yeddi min bir yüz iyirmi dörd manat-56 qəpik) əsas borc, 745,17 AZN (yeddi yüz qırx beş manat-17 qəpik) faiz borcu və 31,86 AZN (otuz bir manat-86 qəpik) cərimə borcunun, cəmi 17901,59 AZN (on yeddi min doqquz yüz bir manat-59 qəpik) kredit borcunun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143,71 AZN (bir yüz qırx üç manat-71 qəpik) dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. . İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməmiş, izahatında mərhum övladıborcalan Cavabdeh1 kredit öhdəliyi ilə bağlı Bankla aralarında 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı zaminlik müqaviləsi bağlansa da, əslində zaminlik müqaviləsi bağlanarkən həmin müqavilənin mahiyyətinin ona izah edilmədiyini, müqaviləyə görə zamin olaraq borcalanla birlikdə öhdəlik daşıdığını və borcalanın vəfat etməsi ilə zaminin ayrıca öhdəlik daşımadığını, həmçinin övladı Cavabdeh1 13 may 2024-cü il tarixdə vəfat etməsindən sonra daşınmaz miras əmlakının qaldığını və onun mirası qəbul etmədiyini və buna görə də mərhum övladının vərəsəsi olaraq da kredit borcu öhdəliyini daşımadığını, iddianın mərhum borcalan Cavabdeh1 mirası qəbul etmiş vərəsəsinə (vərəsələrinə) qarşı qaldırılmalı olduğunu bildirmiş, iddianın ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. bildirmişdir. Cavabdeh3 da məhkəmə iclasında iddianı qəbul etməmiş, izahatında mərhum qohumu (qaynı)- borcalan Cavabdeh1 kredit öhdəliyi ilə bağlı Bankla aralarında 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqaviləsi bağlansa da, əslində zaminlik müqaviləsi bağlanarkən həmin müqavilənin mahiyyətinin ona izah edilmədiyini, müqaviləyə görə zamin olaraq borcalanla birlikdə öhdəlik daşıdığını və borcalanın vəfat etməsi ilə zaminin ayrıca öhdəlik daşımadığını, iddianın mərhum borcalan Cavabdeh1 mirası qəbul etmiş vərəsəsinə (vərəsələrinə) qarşı qaldırılmalı olduğunu bildirmiş, iddianın ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sübutlar: İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 43230***-*******00L saylı “Əsas kredit limiti razılaşması”na əsasən, Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. “Əsas kredit limiti razılaşması”nın şərtlərinə uyğun olaraq 23 avqust 2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Həsənov Cavabdeh1 48 ay müddətinə illik 15 faiz dərəcəsi ilə (aylıq ödəniş 561,83 manat olmaqla hər ayın 23-dək ödənilmək şərti ilə) 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan: “Əsas kredit limiti razılaşması” üzrə öhdəliklərin icrasının təmini kimi Bankla digər cavabdehlər Cavabdeh2 arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM147062501 saylı və Cavabdeh3arasında 23 avqust 2022-ci il tarixli 43FİZAM144056001 saylı zaminlik müqavilələri imzalanmış və həmin zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrasını öz üzərlərinə götürmüşlər (həmin müqavilələrin 1.1-ci bəndinin mətnində zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyətindən bəhs edilir). İş materiallarında olan: İddiaçı ASC-nin Şəki filialının müdiri X1 və icraçı X2 təsdiq etdikləri 19 sentyabr 2024-cü il tarixli “Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında Arayış”dan (cədvəl) görünür ki, borcalan Cavabdeh1 23 avqust 2023-cü il tarixdə 23 avqust 2027-ci il tarixədək müddətə bağlanmış kredit müqaviləsi üzrə göstəricilər belədir: kreditin məbləği- 20000 manat; kreditin faiz dərəcəsi- 15 faiz; kreditin (o cümlədən faizlərin) ödənilməsinin hər dövr üçün məbləği- 561,83 AZN; ödənilmiş əsas kredit məbləği- 2875,44 AZN; əsas kredit borcunun məbləği- 17124,56 AZN; faiz borcunun məbləöi- 745,17 AZN; cərimə məbləği- 31,86 AZN; borc üzrə iddia tələbinin cəmi məbləği- 17901,59 AZN. İş materiallarında olan: Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2024cü il tarixdə verilmiş AZ-İİ № 427198 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 13 may 2024-cü il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində kəllədaxili travmalar nəticəsində ölmüşdür. Məhkəmə icraatı zamanı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, mərhum Cavabdeh1 adına mülkiyyət hüququ əsasında iki torpaq sahəsi qeydə alınmışdır. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -744.1-ci maddəsinə əsasən, kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cımaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarının nəticə hissəsinin: -1-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar; -2-ci bəndinə əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır; -3-cü bəndinə əsasən, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar; borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər; vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1 və 76.2-ci maddələrindən görünür ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. --88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbindən, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 472.1 və 1306-cımaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarından görünür ki, zamin borclu (və ya borcun ödənilməsi öhdəliyini daşıyan vərəsə) ilə birlikdə öhdəlik daşıyır. Bundan başqa, həmin qərarın 3-cü bəndində xüsusi olaraq qeyd edilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İddiaçı tərəfindən mərhum borclunun mirası qəbul etmiş vərəsələrinin müəyyən edilməsi ilə bağlı cəhdlər edilməmiş, habelə məhkəmə icraatında tədqiq edilmiş iş materiallarından görünür ki, borcalan Cavabdeh1 23 avqust 2023-cü il tarixdə krediti götürdükdən sonra yalnız səkkiz ay iyirmi gün yaşamış və həmin müddət ərzində kredit məbləği üzrə əsas borcdan 2875,44 AZN (iki min səkkiz yüz yetmiş beş manat-44 qəpik) pul vəsaiti ödənilmişdir-belə olan halda (o cümlədən borclunun mirası qəbul etmiş vərəsələri aşkar edilmədiyi halda) zaminlərə qarşı iddia təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Kəlbəcər Rayon Məhkəməsinin bu mülki işlə əlaqəldar müvəqqəti təminat tədbirinin tətbiqi (zamin Cavabdeh2 məxsus avtomobillərin özgəninkiləşdirilməsinin müvəqqəti qadağan edilməsi) ilə bağlı qəbul etdiyi 30 oktyabr 2024-cü il tarixli e-16(040)-19/2024 saylı qərardadı bu qətnamənin qüvvəyə minməsi ilə öz qüvvəsini itirməli olduğundan, qətnamənin qanuni qüvvəyə mindiyi gündən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Kəlbəcər Rayon Məhkəməsinin bu mülki işlə əlaqəldar qəbul etdiyi 30 oktyabr 2024-cü il tarixli e-16(040)-19/2024 saylı qərardadı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən ləğv edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-79/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-79/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver