Məhkəmə qərarları › İş №e-2(040)-830/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-830/2025

30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-830/2025 30.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı“işəgötürənə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6208,20 AZN (altı min iki yüz səkkiz manat- 20 qəpik) pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş 60 AZN (altmış manat) və dövlət rüsumu kimi ödənilmiş 23 AZN (iyirmi üç manat) xərcin Cavabdeh alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 23 iyun 2022-ci il tarixində administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. 28 iyul 2023-cü il tarixli 114x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin “Oba Binəqədi 9” mağazasında çalışdığı zaman, 07 iyul 2023-cü il və 10 mart 2023-cü il tarixlərində aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 5775,14 AZN (beş min yeddi yüz yetmiş beş manat-14 qəpik) və 2818,23 AZN (iki min səkkiz yüz on səkkiz manat-23 qəpik) zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6208,20 AZN (altı min iki yüz səkkiz manat- 20 qəpik) borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh 29 iyul 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəməyə ünvanladığı etiraz ərizəsinə xüsusi diqqət yetirilməsini xahiş etmişdir; iddiaçının nümayəndəsi mobil telefon vasitəsilə məlumat verərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 28 iyul 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, İddiaçı MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinin tələbini ciddi şəkildə pozduğunu və iddia müddətindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, barəsində maddi ziyanın tələbinə dair məhkəməyə müraciət etdiyini, iddiaçının iddiasına görə tərəfindən maddi ziyanın vurulması faktı ən son olaraq 28 iyul 2023-cü il tarixində aşkar edilsə də (rəsmi olaraq onun son iş günü), hazırki iddia ərizəsi 29 yanvar 2025-ci il tarixində məhkəməyə təqdim edilmiş və yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuş müddətin ötürüldüyünü bildirmiş, İddiaçı MMC-nin iddiasının əsassız olduğunu və həqiqətən də onun heç bir maddi ziyan vurmadığını nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: iddiaçı tərəfindən tərtib olunmuş 08 iyul 2024-cü il tarixli “Oba Market MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayış”dan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 07 iyul 2023-cü il tarixində 5775,14 manat və 10 mart 2023-cü il tarixində 2818,23 manat çatışmazlıq müəyyən edilmişdir, müvafiq güzəşt tətbiq edildikdən sonra, ümumi olaraq 6208,20 manat borcu qalmışdır; beləliklə, Cavabdeh 08 iyul 2024-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 6208,20 AZN (altı min iki yüz səkkiz manat-20 qəpik) təşkil edir. İş materiallarında olan: 10 mart 2023-cü il tarixli “Oba-Bakıxanov 22” filialında aparılmış “planlı inventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, “Oba- Bakıxanov 22” filialında cəmi 2818,23 manat məbləğində itki aşkar edilmişdir. İş materiallarında olan: İş materiallarında olan: 07 iyul 2023-cü il tarixli “Oba- Bakıxanov 22” filialında aparılmış “növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, “Oba-Bakıxanov 22” filialında cəmi 5775,14 manat məbləğində itki aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etsə də, ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan: 28 sentyabr 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh 28 sentyabr 2021-ci il tarixdə İddiaçı MMC şirkətinə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan: 23 iyun 2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixdən etibarən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan: tərəflər arasında bağlanmış 23 iyun 2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan: İddiaçı üzrə 28 iyul 2023-cü il tarixli 114x saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun (Cavabdeh) əmək müqaviləsinə 28 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan: Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00413) X2 tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli MŞB/20/2024-00347 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat mediasiya xərci İddiaçı MMC tərəfindən tam ödənilmişdir. İş materiallarında olan: İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 28 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə məlumat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 29 sentyabr 2021-ci il tarixdə İddiaçı MMC şirkətinə işə qəbul olunmuş və 28 iyul 2024-cü il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -10-cu maddəsinin “ç” bəndindən görünür ki, işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. -11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndindən görünür ki, işəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququna malikdir. -192.2-ci maddəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -194.2-ci maddəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsindən və “a” bəndindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. -296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 (bir) il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 21ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş birillik iddia müddəti ötürüldüyünə görə, iddia rədd edilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən 10 mart 2023-cü il tarixdə “Oba-Bakıxanov 22” filialında planlı inventarizasiya aparılmış və 2818,23 AZN (iki min səkkiz yüz on səkkiz manat-23 qəpik), 07 iyul 2023-cü il tarixdə isə növbədənkənar inventarizasiya aparılmış və 5775,14 AZN (beş min yeddi yüz yetmiş beş manat-14 qəpik) itki aşkarlanmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 bununla bağlı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 20 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir; cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Belə olan halda Mülki Məcəllənin 375.2ci maddəsi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar