Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-87/2024 15.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 19202,63 manat əsas borcun, 2946,3 manat məbləğində faiz borcunun, 722,83 manat cərimə borcunun, cəmi 22871,76 manat kredit borcunun və ödənilmiş 159 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli kredit sazişinə əsasən Bank Borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 19983 manat məbləğində kredit vermişdir. Eyni zamanda digər Cavabdeh2 (zamin) həmin sazişə əsasən, kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 əvvəl iştirak etdiyi məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək, 19202,63 manat əsas, 2946,3 manat məbləğində faiz borcunu ödəməyə razı olduğunu bildirmiş, cərimə borcunun isə silinməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir (bu barədə ərizəsini təqdim etmişdir). Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli RM/42021/89/25 saylı kredit sazişindən görünür ki, Bank Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz olmaqla 19983 manat məbləğində kredit vermiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndindən görünür ki, zamin Cavabdeh2 kredit sazişi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan: İddiaçı ASC-nin 17 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1nın 20 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 19202,63 manat əsas, 2946,3 manat faiz, 722,83 manat cərimə borcu olmaqla, cəmi 22871,76 manat kredit borcu vardır. İş materiallarında olan: 20 dekabr 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 19983 manat məbləğində pul verilmişdir. İş materiallarında olan: cavabdehə göndərilmiş 25 sentyabr 2023-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci: maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda,iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zamin Cavabdeh2 Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlərə hesablanmış 722,83 manat məbləğində cərimə borcu əsas borcun bir faizi məbləğinədək azaldılmalı və cavabdehlərin üzərində 192 manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 530,83 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 159 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi- 157,02 manat (yüz əlli yeddi manat 02 qəpik) hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 19202,63 manat (on doqquz min iki yüz iki manat 63 qəpik) əsas, 2946,3 manat (iki min doqquz yüz qırx altı manat 30 qəpik) faiz, 192 (yüz doxsan iki) manat cərimə olmaqla, cəmi 22340,93 manat (iyirmi iki min üç yüz qırx manat 93 qəpik) kredit borcu və ödənilmiş 157,02 manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 19202,63 manat (on doqquz min iki yüz iki manat 63 qəpik) əsas, 2946,3 manat (iki min doqquz yüz qırx altı manat 30 qəpik) faiz, 192 (yüz doxsan iki) manat cərimə olmaqla, cəmi 22340,93 manat (iyirmi iki min üç yüz qırx manat 93 qəpik) kredit borcu və ödənilmiş 157,02 manat (yüz əlli yeddi manat 02 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-87/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-87/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver