Məhkəmə qərarları › İş №e-2(040)-880/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-880/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-880/2025 18.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı- Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 423,48 ABŞ dolları (dörd yüz iyirmi üç dollar -48 sent) əsas, 134,53 ABŞ dolları (bir yüz otuz dörd dollar- 53 sent) faiz borcu, 1728,61 ABŞ dolları (bir min yeddi yüz iyirmi səkkiz dollar- 61 sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62,82 ABŞ dolları (altmış iki dollar- 82 sent) olmaqla, cəmi 2349,44 ABŞ dolları (iki min üç yüz qırx doqquz dollar-44 sent) məbləğində kredit borcu və ödənilmiş 59,95 AZN (əlli doqquz manat-95 qəpik) dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 182-14 USD nömrəli 07 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3000 ABŞ dolları (üç min dollar) məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət vergi xidmətinin internet vergi idarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN (vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi) müəyyən edilməmişdir. Daha sonra həmin kredit müqaviləsinə 02 iyun 2017-ci il tarixdə 01 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3335,22 ABŞ dolları (üç min üç yüz otuz beş dollar-22 sent) təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1635,70 ABŞ dolları (bir min altı yüz otuz beş dollar-70 sent) əsas borc, 1135,76 ABŞ dolları (bir min bir yüz otuz beş dollar-76 sent) faiz borcu və 563,76 ABŞ dolları (beş yüz altmış üç dollar-76 sent) cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 02 iyun 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 14 aprel 2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2349,44 ABŞ dolları (iki min üç yüz qırx doqquz dollar-44 sent) təşkil edir. Bundan 423,48 ABŞ dolları (dörd yüz iyirmi üç dollar -48 sent) əsas, 134,53 ABŞ dolları (bir yüz otuz dörd dollar- 53 sent) faiz, 1728,61 ABŞ dolları (bir min yeddi yüz iyirmi səkkiz dollar- 61 sent) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62,82 ABŞ dolları (altmış iki dollar- 82 sent) ABŞ dolları faiz borcu təşkil edir Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 18 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 07 may 2014-cü il tarixli 182-14 USD saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, kreditor (iddiaçı) borcalana (cavabdehə) 18 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verir. Borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan: 07 may 2014-cü il tarixli 182-14 USD saylı kredit müqaviləsi üzrə 01 nömrəli 02 iyun 2017-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3335,22 ABŞ dolları (üç min üç yüz otuz beş dollar-22 sent) təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1 USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Restrukturizasiya edilmiş kreditin müddəti 02 iyun 2022-ci il tarixədək təşkil edir. İş materiallarında olan: Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 may 2014-cü il tarixli 68939943 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2025-ci il tarixə 423,48 ABŞ dolları əsas, 134,53 ABŞ dolları faiz, 1728,61 ABŞ dolları cərimə, 62,82 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 2349,44 ABŞ dolları borcu vardır. İş materiallarında olan: cavabdehə göndərilmiş 15 aprel 2025-ci il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Dəmirbank ASC-nin ləğvedicisi təyin edilmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə): -739.1-ci maddəsinə (həmin maddənin borc münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninə-hakimin qeydi) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 07 may 2014-cü il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə 1728,61 ABŞ dolları (bir min yeddi yüz iyirmi səkkiz dollar- 61 sent) dəbbə pulu azaldılaraq 42,30 ABŞ dolları (qırx iki dolar- 30 sent) müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 59,95 AZN dövlət rüsumunun 30 AZN hissəsinin pul əvəzi olaraq 30 AZN (otuz manat) məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə birgə qaydada tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 07 may 2014-cü il tarixli 182-14 USD saylı kredit müqaviləsi üzrə 423,48 ABŞ dolları (dörd yüz iyirmi üç dollar -48 sent) əsas borc, 134,53 ABŞ dolları (bir yüz otuz dörd dollar- 53 sent) faiz borcu, 42,30 ABŞ dolları (qırx iki dolar- 30 sent) cərimə, kredit müqaviləsinin bitmə tarixindən sonrakı müddət üçün hesablanmış 62,82 ABŞ dolları (altmış iki dollar- 82 sent) əlavə faiz borcu olmaqla, cəmi 663,13 ABŞ dolları (altı yüz altmış üç dollar-13 sent) məbləğində kredit borcu ödəniş gününə olan valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69,90 AZN (altmış doqquz manat- 90 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 1686,31 ABŞ dolları (bir min altı yüz səksən altı dollar-31 sent) cərimə borcunun tələbinə dair hissədə Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən (yəni cərimə borcu əsas borca mütənasib olaraq məhkəmə tərəfindən azaldığından) həmin hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 423,48 ABŞ dolları (dörd yüz iyirmi üç dollar -48 sent) əsas borc, 134,53 ABŞ dolları (bir yüz otuz dörd dollar- 53 sent) faiz borcu, 42,30 ABŞ dolları (qırx iki dolar- 30 sent) cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış 62,82 ABŞ dolları (altmış iki dollar- 82 sent) olmaqla, cəmi 663,13 ABŞ dolları (altı yüz altmış üç dollar-13 sent) kredit borcu ödəniş gününə olan valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 AZN (otuz manat) hissəsinin pul əvəzi olaraq 30 AZN (otuz manat) məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar