Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-909/2024 14.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı – Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 5052,61 manat əsas, 2149,76 manat faiz, 9,03 manat cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 644 manat faiz borcu olmaqla, cəmi 7855,40 manat borcun, həmçinin məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 98,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsinini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh3 arasında bağlanmış 05 oktyabr 2018-ci il tarixli “05102018/200203”saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 10116 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 05 oktyabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminlər borcalanla birlikdə 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Cavabdeh3 kredit müqaviləsinin tələblərini pozaraq öhdəlikləri icra etməmişdir. 25 aprel 2024-cü il tarixə cavabdehlərin banka 5052,61 manat əsas borcu, 2149,76 manat faiz, 9,03 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 644 manat faiz borcu olmaqla cəmi 7855,40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 05 oktyabr 2018-ci il tarixli “05102018/200203” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 20 faiz olmaqla, 10116 manat məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 oktyabr 2018-ci il tarixli “05102018/200203/Z2” nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Bank qarşısında kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2018-ci il tarixli “05102018/200203/Z3” nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Bank qarşısında kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: LPO İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 05 oktyabr 2018-ci il tarixli “05102018/200203”nömrəli kredit müqaviləsi üzrə 25 aprel 2024-cü il tarixə Banka 5052,61 manat əsas borc, 2149,76 manat faiz, 9,03 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 644 manat faiz borcu olmaqla, cəmi 7855,40 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan: cavabdehlərə göndərilmiş 03 may 2024-cü il tarixli bildirişdən (poçt qəbzi var) görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Amrahbank ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh3 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbinin digər cavabdehlər (zamin) Cavabdeh1 və Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki işin hallarından göründüyü kimi, iş üzrə zaminlər də Bank qarşısında Borcalanın “Kredit müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onların da kreditor qarşısında mülki məsuliyyəti yaranır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 98,55 manat (doxsan səkkiz manat 55 qəpik) dövlət rüsumunun pul əvəzi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 05 oktyabr 2018-ci il tarixli “05102018/200203”saylı kredit müqaviləsi üzrə yaranmış 5052,61 manat (beş min əlli iki manat 61 qəpik) əsas borc, 2149,76 manat (iki min yüz qırx doqquz manat 76 qəpik) faiz borcu, 9,03 manat (doqquz manat 03 qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 644 (altı yüz qırx dörd) manat faiz borcu olmaqla, cəmi 7855,40 manat (yeddi min səkkiz yüz əlli beş manat 40 qəpik) kredit borcu, həmçinin 98,55 manat (doxsan səkkiz manat 55 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5052,61 manat (beş min əlli iki manat 61 qəpik) əsas borc, 2149,76 manat (iki min yüz qırx doqquz manat 76 qəpik) faiz borcu, 9,03 manat (doqquz manat 03 qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 644 (altı yüz qırx dörd) manat faiz borcu olmaqla, cəmi 7855,40 manat (yeddi min səkkiz yüz əlli beş manat 40 qəpik) kredit borcu, həmçinin ödənilmiş 98,55 manat (doxsan səkkiz manat 55 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-909/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-909/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver