Məhkəmə qərarları › İş №e-2(040)-964/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-964/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-964/2025 05.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 997 manat əsas, 6 manat faiz, 36 manat komissiya və 1319 manat cərimə olmaqla, cəmi 2358 manat borcun və ödənilmiş dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC (bundan sonra “İddiaçı”) mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli **********006 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərtilə 997 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 997 manat, faiz borcu üzrə 6 manat, xidmət haqqına (komissiyaya) görə isə 36 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 1319 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 2358 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli **********006 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 30 gün müddətinə illik 60,85 faiz dərəcəsi ilə 997 manat məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: maliyyə arayışından görünür ki, Cavabdeh 29 mart 2024-cü il tarixli **********006 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan borcu 997 manat əsas, 6 manat faiz, 1319 manat cərimə, 36 manat komissiya olmaqla cəmi 2358 manat təşkil edir. İş materiallarında olan: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 03 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı hakim hesab edir ki, cavabdehə hesablanmış 1319 (bir min üç yüz on doqquz) manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 9,97 (doqquz manat 97 qəpik) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 1309,03 (bir min üç yüz doqquz manat 03 qəpik) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,58 manat dövlət rüsumunun 30,48 manat hissəsi pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hakim hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 997 (doqquz yüz doxsan yeddi) manat əsas borc, 6 (altı) manat faiz, 36 (otuz altı) manat komissiya, 9,97 (doqquz manat 97 qəpik) cərimə olmaqla, cəmi 1048,97 (bir min qırx səkkiz manat-97 qəpik) kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30,48 (otuz manat 48 qəpik) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 997 (doqquz yüz doxsan yeddi) manat əsas borc, 6 (altı) manat faiz, 36 (otuz altı) manat komissiya, 9,97 (doqquz manat 97 qəpik) cərimə olmaqla, cəmi 1048,97 (bir min qırx səkkiz manat-97 qəpik) kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 30,48 (otuz manat 48 qəpik) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 1079,45 manat (bir min yetmiş doqquz manat 45 qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar