Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1396/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7268 manat 60 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 43 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “TamMaddi Məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 101x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (Ə/M müddətin bitməsi ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı MMC-nin – OBA Binəqədi 9 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində aparılmış İnventarizasiya(mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 10350 manat 04 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7268 manat 60 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh "xxxx"də satıcı-kassir vəzifəsində çalışıb və sonradan "Administrator" vəzifəsinə keçirilib. İş vaxtı ərzində intizam xətasına yol verərək, inventarizasiya nəticəsində Cəmiyyətə 10350 manat 04 qəpik zərər vurduğu müəyyən edilib. Şirkət tərəfindən ziyanın müəyyən hissəsi güzəşt edildikdən sonra, Cavabdeh "xxxx"ə ümumilikdə 7268 manat borcu qalıb. Bundan əlavə cavabdeh keçən iclaslarda video görüntülərin olduğunu və məhkəməyə təqdim edəcəyini iddia edirdi. Lakin təqdim edə bilməmişdir. Cavabdeh iddia müddətinin ötürüldüyünü iddia edir və bu məsələni məhkəmənin öz mülahizəsinə buraxırıq. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmiyərək izahatında göstərdi ki, "xxxx"də satıcı və administrator kimi çalışıb, çalışdığı müddətdə oğirluq baş verib və bu barədə rəhbərliyə məlumat verib, lakin işdən azad olunma xahişləri nəzərə alınmayıb. Cavabdeh kassada əskik gəlməsinin əsassız olduğunu və işdən azad olunmasının gecikdirilməsinin məqsədli şəkildə edildiyini iddia edir. "xxxx" tərəfindən manipulyasiyalar edildiyini iddia edir və bunun mülki-hüquq pozuntusu olduğunu bildirir. İddiaçının qeyd etdiyi ziyan vurma məbləği ilə bağlı heç bir təqsirinin olmadığını və ziyanın onun tərəfindən vurulmadığını bildirir. Hazırda "xxxx" MMC-yə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, işəgötürənə vurulmuş maddi ziyanın məhkəmə qaydasında tələb edilməsi üçün iddia müddəti ziyanın aşkar edildiyi gündən 1 ildir. Odur ki, göstərilən halları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “OBA Market" MMC-də çalışmış Cavabdeh Kamran oğlunun maddi məsuliyyətindəki çatışmazlıqlarla bağlı təftiş yoxlaması barədə arayışa əsasən Cavabdeh hesabında xx.xx.2023-cü il tarixində 3693.48 manat və xx.xx.2023-cü il tarixində 6656.56 manat məbləğində çatışmazlıqlar aşkarlanıb. Satış dövriyyəsinə görə tətbiq edilən güzəştlərdən sonra, əskikgəlmələrə görə qalıq kənarlaşma məbləği ümumilikdə 7268.60 manat təşkil edir. 28 Avqust 2024-cü il tarixinə Cavabdeh "xxxx" MMC-yə olan ümumi borcu 7268.60 manat təşkil edir. - Maddi ziyanın ödənilməsi predmeti üzrə Bakı 11 saylı Mediasiya təşkilatının İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01244 nömrəli arayışdan görünür ki, ilkin Mediasiya sessiyasında iddiaçı OBA Market" MMC iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. - “OBA Market" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən, "xxxx"də işlədiyi müddətdə yoxlamalar nəticəsində 7268.60 manat məbləğində əskikgəlmə aşkar edilmişdir. İşçidən 3 gün müddətində qeyd olunan borcun ödənilməsi təmin etmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. -“OBA Market" MMC-nin idarə heyyətinin sədri X3 Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədə onu Satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. -“OBA Market" MMC-nin xx.xx.2022-ci il tarixli 265 saylı əmrdən işə qəbul etmə haqqında çıxarışa əsasən, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilib. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat təşkil etmişdir. -“OBA Market" MMC-nin idarə heyyətinin sədri X1 Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədə onu xx.xx.2022-ci il tarixindən Satış Departamentinin Satış 2 şöbəsində administrator vəzifəsinə keçməsinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. -“OBA Market" MMC-nin xx.xx.2022-ci il tarixli 669 saylı əmrdən vəzifə dəyişikliyi haqqında çıxarışa əsasən, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixindən etibarən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat təşkil etmişdir. -“OBA Market" MMC-nin xx.xx.2023-cü il tarixli 108x saylı əmrdən işdən azad haqqında çıxarışa əsasən, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh 2023-cü il yanvarın 12də DİN-nin 102 xidmətinə zəng edərək, "Oba" marketdən kassadan pulların oğurlanması barədə məlumat verib. Marketin satıcı-kassiri X4 müştərilərdən aldığı pulu sistemə vurmadan kassaya qoyaraq, ümumilikdə 2700 manat pulu mənimsəyib. Hadisə təhlükəsizlik kameralarına baxış nəticəsində aşkar edilib və X4 əməlini etiraf edib. Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. X4 "Oba" marketdə satıcı-kassir işləyərkən pul vəsaitlərini mənimsəməkdə ittiham olunmuşdur, lakin araşdırma zamanı onun əməllərində cinayət tərkibi müəyyən edilməmişdir. İş materiallarına əlavə olaraq İddiaçı MMC-nin təsis sənədləri, nizamnaməsi və digər sənədlər əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı MMC-nin Binəqədi 9 mağazasında çalışdığı zaman cəmiyyətə 10350 manat 04 qəpik zərər vurması 2023-cü ilin yanvar və iyun aylarında aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində müəyyən edilmiş, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında gəldiyi nəticəyə görə: - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-1396/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1396/2025
28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver