Məhkəmə qərarları › İş №e-2(041)-1673/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1673/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1673/2024 26.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğluna qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğlundan iddiaçının xeyrinə xx.xx.2018-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinə əsasən 727.62 manat əsas borc və 0.02 manat faiz borcu olmaqla cəmi 727.64 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğluna qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin Kürdəmir filialı ilə X3 arasında bağlanmış xx.xx.2018-cu il tarixli, BPM**********59 saylı müqaviləsinə əsasən illik 29 faizlə 39 ay müddətinə 1650 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. X5 Xidmət mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli 213 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğluna reystr nömrəsi 232 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Cavabdehlər X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq banka olan borcu qaytarmamışlar. İş materiallarına əlavə edilmiş; "xxxx" ASC ilə X3 (borclu) arasında xx.xx.2018-cu il tarixli, BPM**********59 saylı kredit müqaviləsinə əsasən bank 39 ay müddətinə 1650 manat məbləğində bərpa olunan kredit limiti vermişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğlu qanun üzrə X1 vərəsləri hesab olunmuşlar. maliyyə arayışından görünür ki, xx.xx.2018-cu il tarixli, BPM**********59 saylı kredit müqaviləsi üzrə X1 banka 727.62 manat əsas borc, 0.02 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 758.04 manat kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1306.1. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər vərəsə kimi üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların vərəsə kimi iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğlundan iddiaçının xeyrinə xx.xx.2018-cu il tarixli, BPM**********59 saylı kredit müqaviləsinə əsasən 727.64 manat əsas borc, 0,02 manat faiz və ödənilmiş xidmət haqqı daxil olmaqla 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 758.04 manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağaələskər oğlundan xx.xx.2018-cu il tarixli, BPM**********59 saylı kredit müqaviləsinə əsasən 727.64 manat əsas borc, 0,02 manat faiz borcu, xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 758.04 (yeddi yüz əlli səkkiz manat dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar