Məhkəmə qərarları › İş №e-2(041)-1682/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1682/2025

26.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1682/2025 26.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına (avtobusa) dəymiş 722,16 (yeddi yüz iyirmi iki manat, 16 qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 752,56 (yeddi yüz əlli iki manat, 56 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində **-YG-*** dövlət qeydiyyat nişanlı “X3 112 CDİ” minik markalı avtomobilin sürücüsü Cavabdeh ara məsafəsi saxlamadığı üçün İddiaçı MMC-yə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol-nəqliyyat hadisəsi Xətai rayon DYPŞ-nin polis kapitanı X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar verilmişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X4 İdarəsində tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ arxa yan hissəsi zədələnərək yararsız hala düşmüş və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 1945 saylı zərər aktına əsasən **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa 722,16 (yeddi yüz iyirmi iki manat, 16 qəpik) manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-YG-*** dövlət qeydiyyat nişanlı “X3 112 CDİ” minik markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 722,16 (yeddi yüz iyirmi iki manat 16 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. İddiaçı MMC tərəfindən məhkəməyə daxil olmuş ərizədə onların iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına Cavabdeh ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia tələblərini qəbul edir, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 1945 nömrəli “BUSTECH” servis mərkəzi tərəfindən verilmiş zərər aktından görünür ki, “BMC Procity” markalı, **-JA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyan 722.16 manat məbləğində hesablanmışdır; Xətai rayon DYPŞ-nin polis kapitanı X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində saat 19:00-da “X3 112 CDİ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması nəticəsində Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Cavabdeh məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iddia tələblərini qəbul etdiyini bildirmişdir. Hazırki iddiasında iddiaçı avtobusa dəymiş maddi ziyanın 722.16 manat olduğunu bildirir və iddiasının əsası kimi “BUSTECH” servis mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1945 nömrəli zərər aktına istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3) Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2025-ci il tarixində **-YG-*** dövlət qeydiyyat nişanlı “X3 112 CDİ” minik markalı, **-YG-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü, iş üzrə Cavabdeh ara məsafəsi saxlamadığı üçün İddiaçı MMC-yə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi Xətai rayon DYPŞ-nin polis kapitanı X1 tərəfindən araşdırılmış və arşadırma nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “BUSTECH” servis mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 1945 saylı zərər aktına əsasən **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa 722,16 (yeddi yüz iyirmi iki manat, on altı qəpik) manat maddi zərər dəymişdir. Məhkəmə cavabdehin etirafını işin hallarına uyğun hesab edərək, iş üzrə mötəbər sübut kimi qəbul edir və həmin məbləğdə iddianın təmin edilməsini məqsədəuyğun və hər iki tərəfin mənafeyinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 722.16 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə xidmət haqqı daxil olmaqla 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 722.16 (yeddi yüz iyirmi iki manat on altı qəpik) manat və xidmət haqqı daxil olmaqla dövlət rüsumuna görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar