Məhkəmə qərarları › İş №e-2(041)-1816/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1816/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1816/2024 19.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdeh istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2024-cü il tarixinədək illik 29.50% ödəmək şərti ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razılaşdığını bildirmişdir. Ümumi oferta müqaviləsinin 17.11- ci bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin illik 40% -i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhtəsinə göyürüb. Lakin cavabdeh bu müqavilənin şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair vaxtında və lazimi qaydada icra etməmişdir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 243.60 AZN əsas məbləğ üzrə, 56.29 AZN cərimə olmaqla, cəmi 328.50 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xaiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olub və onun bütün şərtləri ilə razılaşıb. Müqavilənin 5.12-ci bəndindən müəyyən olunur ki, bank kartın verilməsinə görə uyğun gördüyü hər cür təminatı müştəridən tələb etmək hüququn malikdir. Müştəri Bankın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur. Bank mühüm ola bilən ziyanın qarşısını almaq almaq üçün müəyyən etdiyi miqdarda sığorta depozitinin qoyulmasını tələb edə və sığorta depozitinin miqdarını birtərəfli qaydada dəyişə bilər. Müştərinin banka verdiyi sığorta depoziti kartdan istifadə nəticəsində yarana bilən borcların qaytarılması üçün nəzərdə tutulur. Müqavilənin 17.10-cu bəndində müəyyən olunur ki, müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin 40%-ni bir günə olan məbləği miqdarında cərimə tətbiq edə bilər. "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli proqramdan elektron olaraq çıxarılmış arayışdan müəyyən olunur ki, Cavabdeh əsas məbləğ üzrə 243.6 AZN, faiz borcuna görə 56.29 AZN, cərimə borcuna görə 28.61 AZN olmaqla cəmi 328.50 AZN borcu vardır. "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 243.60 AZN, faiz borcuna görə 56.29 AZN, cərimə borcuna görə 28.61 AZN olmaqla, cəmi 328.50 AZN borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Məhəmmədəl oğlundan xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi üzrə əsas borca görə 243.60 manat, faiz borcuna görə 56.29 manat, cəriməyə görə 28.61 manat, olmaqla cəmi 328.50 (üç yüz iyirmi səkkiz manat əlli qəpik) manat və dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla ümumilikdə 358.90 (üç yüz əlli səkkiz manat doxsan qəpik) manat "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar