Məhkəmə qərarları › İş №e-2(041)-1940/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1940/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1940/2024 30.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Ucar filialı ilə Cavabdeh3 arasında 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 2689 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Ucar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 13 yanvar 2020-ci il tarixli 07-20 1-TA saylı zaminlik və 07-20 2-TA saylı müqavilələri bağlanmışdır. Cavabdeh3 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh3 Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı QSC-yə olan əsas borcu 3669,48 manat, faiz borcu 24,26 manat olmaqla, cəmi borcu 3693,74 (üç min altı yüz doxsan üç manat, 74 qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh3 və onun zaminləri Cavabdeh2 və Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit Müqaviləsi üzrə müştərək qaydada əsas borc 3669.48 manat, faiz borcu 24.26 manat olmaqla cəmi 3693.74 manat borc məbləğinin və ödənilmiş 56.93 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmişİddiaçı QSC-nin Ucar filialı ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit Müqaviləsi müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh3 illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə 2689 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 13 yanvar 2020-ci il tarixli 07-20 1-TA saylı zaminlik və 07- 20 2-TA saylı müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 İddiaçı QSCnin Ucar filialı ilə bağladığı 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4196.19 manat borcun İddiaçı QSC-nin Ucar filialına ödənilməsi tələb olunur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, cavabdehin İddiaçı QSC-yə 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit müqaviləsi üzrə 3669.48 manat əsas borc, faiz borcu 24.26 manat olmaqla cəmi 3693.74 manat məbləğində borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh Z.Ə.Heydərov üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, Cavabdeh3 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit Müqaviləsinə əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı“ qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı 56.93 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13 yanvar 2020-ci il tarixli 07-20 TA saylı Güzəştli Kredit Müqaviləsi üzrə müştərək qaydada əsas borc 3669.48 manat, faiz borcu 24.26 manat olmaqla cəmi 3693.74 manat borc məbləğinin və ödənilmiş 56.93 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 3669.48 manat, faiz borcu 24.26 manat olmaqla cəmi 3693.74 manat borc məbləğinin və ödənilmiş 56,93 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar