Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2289/2024 07.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 761.65 manat məbləğində əsas kredit borcu, 572.04 manat məbləğində faiz borcu olmaqla, cəmi 1333.69 manat borcun və ödənilmiş 33.34 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, 002CASA192800011 saylı xx.xx.2019-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh Həmidov Mahmud Əhməd oğluna xx.xx.2022-ci il tarixədək illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 AZN məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 002FİZAM76543001 saylı xx.xx.2019-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh Həmidov Mahmud Əhməd oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 002CASA192800011 saylı xx.xx.2019 il tarixli Kredit müqaviləsinin xx.xx.2020-ci il tarixli 002CASA201290002 nömrəli restrukturizasiyasına dair, 002CASA192800011saylı xx.xx.2019-ci il tarixli Kredit müqaviləsinin 2-ci bəndinə əsasən, xx.xx.2020-ci il tarixli 002CASA201290002 nömrəli restrukturizasiya razılaşmasının imzalanması tarixinə Həmidov Mahmud Əhməd oğlunun həmin kredit üzrə 2794.84 AZN məbləğdə əsas borcu və 97.34 AZN məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 23 faiz və kreditin son icra müddəti xx.xx.2021-ci il müəyyən olunur. Həmidov Mahmud Əhməd oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-56/2-914/2024 saylı məktubundan müəyyən edilir ki, mərhum Həmidov Mahmud Əhməd oğlunun vəfatından sonra ona məxsus olan Heydər Əliyev pr, məh 2 ev 3 məzil 1, sahəsi 65,4 kv.m olan fərdi yaşayış evini hal-hazırda həyat yoldaşı Cavabdeh1 və oğlu X1 idarə edir və yaşayır. Göründüyü kimi mərhum borcalanın həyat yoldaşı Cavabdeh1 vərəsəliyi faktiki olaraq qəbul etmişdir. İş materiallarına əlavə edilmiş; - İddiaçı ASC ilə Həmidov Mahmud Əhməd oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002CASA192800011 saylı kredit müqaviləsindən görünür ki, 15 ay müddətinə illik 23% ödəməklə Həmidov Mahmud Əhməd oğluna 4000 manat məbləğində kredit verimişdir. - İddiaçı ASC (bank) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002FİZAM76543001 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin təmin olunmadığı təqdirdə borcalan Həmidov Mahmud Əhməd oğlu ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. - İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2024-ci il tarixli bildirişdə borc məbləğinin 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. -14 iyun 2022-ci il tarixdə verilmiş AZ-İİ 246849 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həmidov Mahmud Əhməd oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Kürdəmir Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 512 saylı məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum Həmidov Mahmud Əhməd oğluna məxsus olan, Heydər Əliyev pr, məh 2 ev 3 məzil 1, sahəsi 65,4 kv.m olan fərdi yaşayış evini hal-hazırda həyat yoldaşı Cavabdeh1 və oğlu X1 idarə edir və yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsaən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 002CASA192800011 saylı kredit müqaviləsi üzrə Həmidov Mahmud Əhməd oğlunun 1333.69 manat borcu zaminlə bərabər ölmüş şəxsin vərəsəlik hüququ haqqında şəhadətnamə almamış vərəsəsi Cavabdeh1 tələb edilmişdir. Vərəsəlik işi açılmasa da, Kürdəmir Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 512 saylı məktubu əsasında müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum Həmidov Mahmud Əhməd oğluna məxsus olan, Heydər Əliyev pr, məh 2 ev 3 məzil 1, sahəsi 65,4 kv.m olan fərdi yaşayış evini hal-hazırda həyat yoldaşı Cavabdeh1 və oğlu X1 idarə edir və yaşayır Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, borc alanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanova-nın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun16 oktyabr 2020-ci il tarixli qərarında gəldiyi hüquqi nəticəyə görə Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 761.65 manat məbləğində əsas kredit borcu, 572.04 manat məbləğində faiz borcu olmaqla, cəmi 1333.69 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 33.34 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 761.65 manat məbləğində əsas kredit borcu, 572.04 manat məbləğində faiz borcu olmaqla, cəmi 1333.69 (bir min üç yüz otuz üç manat 69 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33.34 (otuz üç manat 34 qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2289/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2289/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver