Məhkəmə qərarları › İş №e-2(041)-2359/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2359/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2359/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi ilə İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdehlər Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 müştərək qaydada borc üzrə 2299.00 manat, faiz borcuna görə 427.00 manat, cərimə borcuna görə 279.98 manat, cəmi 3005.98 manat məbləğində borcun və 50.06 manat məbləğində ödənilmiş dövlər rüsumunun «Finca Azəraijan» X1- Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən İddiaçı X1-Bank Kredit Təşkilatı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2052 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 18 ay müddətinə qaytarmaq, illik 30% ödəmək şərti ilə 3000.00 manat məbləğində kredit ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndindən müəyyən olunur ki, borcalan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə borcalan borcverənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. İş materiallarında olan İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 Şirmməməd qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2052-603244 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Şirmməməd qızı bank qarşısında Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********2052 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı X1-Bank Kredit Təşkilatının xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, **********2052 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2999.00 manat, faiz borcuna görə 427.00 manat, cəriməyə görə 279.98 manat olmaqla, cəmi 3005.98 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli, **********2052 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 2299.00 manat, faiz borcuna görə 427.00 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas və faiz borcu tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 229 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Beləliklə, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 2299.00 manat əsas, 427.00 manat faiz, 229 manat cərimə olmaqla, cəmi 2955.00 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 50.06 manat məbləğində pul İddiaçı X1-Bank Kredit Təşkilatı-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 Şirmməməd qızı və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, **********2052 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2299.00 manat, faiz borcuna görə 427.00 manat, cəriməyə görə 229 manat olmaqla, cəmi 2955.00 (iki min doqquz yüz əlli beş) manat borc və ödənilmiş dövlət rüsumu olan 50.06 (əlli manat altı qəpik) manat məbləğində pul İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar