Məhkəmə qərarları › İş №e-2(041)-2573/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2573/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2573/2025 09.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh 520 manat və 30 manat dövlət rüsumu, ümumilikdə 550 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Qala Sığorta“ ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 21063“ markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixində Kürdəmir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "Qala Sığorta” ASC tərəfindən “Vaz 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 520 (beş yüz iyirmi) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Kürdəmir Rayon Məhkəməsinin qərarına əsasən müəyyən edilmişdir ki, “Vaz 21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Kürdəmir Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımi qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh “Vaz 21063” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-516/2025 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin başlanğıcı 05 iyun 2025-ci ildən hesablanmışdır. İş materiallarında olan “Qala Sığorta" ASC tərəfindən təsdiq edilmiş 8563/25 nömrəli qiymətləndirmə aktından görünür ki, “VAZ 21099” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan üzrə təmir və bərpa xərci 520 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sığorta aktından müəyyən edilir ki, “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 520 manat tələb olunur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9763 №li ödəniş tapşırığından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə bank vasitəsilə Qurbanova Hicran Qurvan qızına 520 manat məbləğində ödəniş “Qala Sığorta" ASC tərəfindən olunmuşdur. İşin müəyyən olunmuş halları odur ki, "Qala Sığorta“ ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 21063“ markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixində Kürdəmir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "Qala Sığorta” ASC tərəfindən “Vaz 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 520 (beş yüz iyirmi) manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə iddiaçı "xxxx" ASC-nin subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin qanunvericiliyin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etməsi nəticəsində baş vermiş, bu səbəbdən üçüncü şəxsə məxsus nəqliyyat vasitəsinə maddi zərər dəymiş və həmin zərər iddiaçı sığortaçı tərəfindən icbari sığorta müqaviləsi əsasında ödənilmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi də onun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyini təsdiq edir ki, bu hal “İcbari sığortalar haqqında” Qanuna və Mülki Məcəllənin subroqasiya ilə bağlı normalarına əsasən sığortaçının zərərvuran şəxsə qarşı subroqasiya tələbi irəli sürməsinə hüquqi əsas yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Adı çəkilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, 520 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 520 (beş yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar