Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-543/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 504.57 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 684.97 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, İddiaçı MMC tərəfindən həmin ünvanda yerləşən yaşayış binasında “KATV1” Kabel Televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə xx.xx.2009-cu il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi sözügedən ünvandakı mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9822 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 9822 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2019-cu il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi xx.xx.2019-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 1529 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 504 manat 57 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, o, ünvan 3 ünvanında olan 173 saylı mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka krediti ilə almışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək 3 ildən artıq bir müddət ötmüşdür. Bu müddət ərzində mümkündür ki, mənzilin keçmiş sahibi şəbəkəyə qoşula bilsin. Ona xx.xx.2023-cü il tarixində məktubla xəbərdarlıq görldərilən zaman o, "xxxx" MMC ilə və onların hüquqi yardımçısı "Ədalət-A” hüquq firması ilə əlaqə saxlamış, qanunsuz qoşulma barədə məlumatı olmadığını bildirmiş, eyni zamanda məsələyə aydınlıq gətirilməsi üçün mənzilin əvvəlki sahibi Mehrəliyevə Süsən xanımın atası Əlibaba kişidən xahiş etmişdir ki, "K@TV 1" kabel televiziyasının ünvanına getsin. O zaman Əlibaba kişi özü onlara etiraf etmişdir ki, əvvəllər onların mənzilində (sonradan o aldığı mənzil) "K@TV 1" kabel televiziyasına qoşulma olmuşdur, lakin qanuni yolla qoşulmuşdur, sonralar istifadə etmədiyi üçün aylıq abunə haqqını ödəməmişdir. O, mənzili alan zaman mənzilin əvvəlki sahibi mənzildə "K@TV 1" kabel şəbəkəsinin mövcudluğu barədə ona məlumat verməmişdir, o da mənzildə internet xəttindən başqa ikinci bir xətt görməmiş və mənzili aldıqdan sonra mənzilə ümumiyyətlə televizor alıb qoymamışdır, bu gün də mənzildə televizor yoxdur. Mənzili aldıqdan sonra həmin ilin sentyabr ayından etibarən Türkiyə universitetlərinə qəbul olmaq üçün YÖS İmtahanlarına hazırlayan- “Metropol”- hazırlıq Kurslarına gedən, 16 yaşlı böyük oğlu Osman mənzildə tək yaşamışdır, 2023-cü ildə TR YÖS imtahanından yüksək nəticə toplayaraq Türkiyənin Kacaeli Universitetinin "Yazılım Mühəndisliyi" fakültəsinə qəbul olunmuşdu və hal-hazırda da orada təhsil alır. Osmanın ardınca 2023-cü ilin sentyabr ayından etibarən eyni qaydada Türkiyə universitetlərinə qəbul olmaq üçün YÖS İmtahanlarına hazırlayan- "Metropol"- hazırlıq kurslarına gedən ikinci oğlu Kənan həmin mənzildə tək yaşamışdır və 2024-cü ildə TR YÖS imtahanından yüksək nəticə toplayaraq Türkiyənin Kacaeli Universitetinin "Hüquq" fakültəsinə qəbul olunmuşdur və hal-hazırda da orada təhsil alır. Bu iki övladından başqa mənzildə heç kim yaşamamışdır və hal-hazırda mənzil boşdur. 2004-cü ildən hal-hazıradək 21 ildir ki, DSMF-nin Kürdəmir rayon şöbəsində çalışır, 2-ci dərəcəli dövlət qulluqçusudur, 4 övladı var, hal-hazırda iki övladı Türkiyədə təhsil alır, həyat yoldaşı isə 2003-cü ildən bu günədək Kürdəmir şəhər məktəblərinin birində İngilis dili üzrə fənn müəlliməsidir. Doğulduğu gündən bu günədək ailəsi də daxil olmaqla Kürdəmirdə yaşamışdır, heç vaxt Bakı şəhərinə köçüb yaşamamışdır. Məlum məsələdir ki, düşüncəsi olan heç bir valideyin, tələbə övladlarının Bakı şəhərində hazırlıq kurslarına getməsi üçün kreditlə ev alaraq, həmin evdə qeyri-qanuni "KATV1" və ya digər özəl kabel şəbəkəsinə qoşularaq bütün gün ərzində televizorun qarşısında əyləşib boş vaxt keçirməsinə şərait yaratmaz. Çünki təkrar olaraq vurğulayır ki, Bakı şəhərində mənzil almaqda başlıca məqsədi övladlarının təhsil aldığı dövrdə kirayələrdə yaşamaması olmuşdur. Aydın məsələdir ki, "KATV1" və ya digər özəl kabel şəbəkəsi istər qanuni qoşulma olsun, istərsə də qeyri-qanuni qoşulma olsun- onların təhsil səviyyəsinə mənfi təsir göstərəcəkdir. "K@TV 1" ilə onun arasında kabel xəttinə qoşulma üçün heç bir müqavilə imzalanmamış və göstərilən xidmətə görə tərəflər arasında heç bir öhdəlik yaranmamışdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddia tələbi əsassızdır və bu birbaşa əsassız varlanmaya xidmət edir. Çünki barəsində tərtib olunmuş xx.xx.2023-cü İl tarixli akt ona məlumat verilmədən, heç bir xəbərdarlıq olunmadan və onun iştirakı olmadan, maraqlı şəxslərin iştirakı ilə tərtib edilmişdir, bu hal onun konstitutsion hüquqlarını pozur. O, fərdi ev deyil, binadır, binanın isə komendantı, komendantın işçiləri var. Mənzilə baxış keçirərkən və akt tərtib edərkən komendantı dəvət edə bilər və yaxud da komendantın vasitəsilə mənzil sahibini, yəni onu tapa bilərdilər. Hamıya məlumdur ki, bütün mənzil sahiblərinin əlaqə nömrələri binanın kimendantında olur. Onlar bunun heç birini etməyiblər. Hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi sübut məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz, iddiaçı tərəf əslində olmayan borcu tələb edir və istehlakçı olmadığı halda ona öhdəlik yaratmaq istəyir. İddiaçı "AG Telekom” MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək 2(041)- 543/2025 saylı mülki iş üzrə məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Qoşulma ilə bağlı heç bir məlumatı yoxdur. 2019-cu ildə sonuncu dəfə baxış keçirilib. O, isə evi 2022-ci ilin aprel ayında tələbə övladlarının Bakı şəhərində hazırlıq kurslarına getməsi üçün kreditlə almış və həmin evdə qeyri-qanuni “KATV1” və ya digər özəl kabel şəbəkəsinə qoşularaq bütün gün ərzində televizorun qarşısında əyləşib boş vaxt keçirməsinə şərait yaratmaz. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3, 173 saylı mənzil Cavabdeh məxsusdur. - İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilməsi haqqında xx.xx.2023-cü il tarixli 9822 nömrəli aktdan görünür ki, ünvan 3, 173 saylı mənzilə kabel şəbəkəsinə baxış keçirən zaman, “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş, nəticədə mənzilin qapısını açan olmamışdır. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış binası “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2009-cu il tarixdən təmin edilmişdir. Həmçinin qanunsuz qoşulmanın həyata keçrildiyi Bakı şəhəri Xətai r, M.Hadi 64 m 173 mənzilin sahibi Cavabdeh Orxan oğlu ilə "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai r, M.Hadi 64 m 173 mənzilə 9822N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2019-cu il tarixdə həmin binaya baxış keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. - İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC-nin KATV1 Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 504.57 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 684.97 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh 654.57 manat məbləğində pul və 30.40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-543/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-543/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver