Məhkəmə qərarları › İş №e-2(041)-60/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-60/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-60/2025 10.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat məbləğində borcun və 123 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, o, 2024-cü ilin yanvar ayında ona müraciət edərək anasının ağır xəstə olduğunu və təcili olaraq əməliyyat olmalı olduğunu bildirmişdir. O, X4 ilə şərik aldığı avtomobilin satışından əldə edilmiş puldan 28 yanvar 2024-cü ildə Cavabdeh 10000 manat (on min manat) pul vəsaitini borc vermişdir. Eyni zamanda X4 cavabdehin kart hesabına 500 manat (beş yüz manat) pul vəsaitini göndərmişdir. xx.xx.2024-cü ildə cavabdehlə görüşərək ondan yazılı iltizam almış, cavabdeh həmin pulu 6 ay müddətinə qaytaracağını bildirmiş lakin vədinə əməl etməyərək aldığı borc pulu qaytarmamışdır. Bu səbəbdən də həmin pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə müraciə edərək, iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, Cavabdeh onun oğludur. İddia ərizəsinin oğlunun guya anasının ağır xəstə olduğu və təcili olaraq əməliyyat olmalı olduğunu bildirərək pul alması barədə əsasları yalandır. Belə ki, oğlu Paşa toy hazırlığı zamanı, ondan xəbərsiz nişanlısına hədiyyə almaq istəmişdir. Bunun üçün oğlu Paşaya 1500 manat pul lazım olmuş və o da tanışı, işdə iddiaçı olan Ramildən istəmişdir. İddiaçıla oğlu Cavabdeh keçmiş iş yoldaşı olmuşdur. İddiaçı onda pul olmadığını, tanışı X2 pul olduğunu bildirərək onu Xətainin yanına gətirmişdir. Xətai notarial qaydada təsdiq edilmiş şəxsiyyət vəsiqəsini ona təqdim etməsini bildirdiyindən oğlu Paşa notariusda təsdiq edilmiş şəxsiyyət vəsiqəsini onlara gətirmişdir. Oğlu Paşa 1500 manat pulu görüşüb Xətaidən almış və Xətai ona yazılı olaraq iltizamda 10000 manat olaraq qeyd etdirmişdir. Bunu onunla izah etmişdir ki, gələcəkdə pul ödənməzsə məhkəməyə müraciət olunan zaman az məbləğdə iddialara məhkəmədə baxılmaması ilə əlaqələndirmişdir. Oğlu həmçinin əmək haqqı kartını da girov qoymuşdur. Pul verildikdən sonra X3 təzyiqlər göstərmiş və əgər pulu qaytarmazsa işdən çıxartdıracağını bildirmişdir. Sonra elə həmin məsələlərə görə oğlunun işdən azad edilməsinə də nail olmuşdur. Oğlu Xətai və Ramil ilə razılaşmaya əsasən, ayda borcundan 300 manat olmaqla ödəniş edilməsi ilə razılaşmışdır. Bir ay 300 manat Xətaiyə ödəniş etdikdən sonra oğlu baş verən hadisə ilə əlaqədar onu məlumatlandırmış, bu hadisələrdən məlumatı olmadığından o da Xətai Yusubov və İddiaçı telefonla zəng edərək məsələni aydınlaşdırmaq, nəyə görə 1500 manat verildiyi halda oğlundan 10000 manat pul götürməsi barədə iltizama imza etdirmələrini aydınlaşdırmağa, onlarla razılaşma əldə etməyə çalışsa da İddiaçı onunla ədəbli danışsa da Xətai Yusubov ona telefonda nalayiq ifadələr işlədərək danışığı sonlandırmışdır. O, oğlu Cavabdeh tək böyütmüş, oğlunun sadəlövlüyündən istifadə edərək ona 1500 manat pul verildiyi halda aldadılaraq 10000 manat qəbzə imza etdirildiyindən iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, iltizamdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 10000 manat pul alaraq 6 ay müddətinə qaytaracağını, həmin pulu qaytarmazsa hüquq mühafizə orqanlarına şikayət edilməsinə etiraz etmədiyini bildirmiş və 5168-2354-7222-6215 (6366) nömrəli maaş kartını girov qoymuşdur. Məhkəmə iclasında iş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, aralarında olan söhbət zamanı iş üzrə Cavabdeh İddiaçı Xətaidən 1500 manat pul aldığını, lakin sonuncunun ona 10000 manat alması barədə iltizama imza etdirdiyini bildirib məsələni həll etməyə çalışsa da, İddiaçı cavabında Cavabdeh belə vəziyyətdə olan ilk adamın o olmadığını, əvvəllər Xətainin dəfələrlə müxtəlif adamlara 1000 manat pul verib 10000 manata, 10000 verib 100000 manata imza etdirdiyini, həmin adamlar hətta Xətainin səsini yazıb müxtəlif dövlət qurumlarına şikayət etsə də şikayətlərinə baxılmadığını, Xətainin hər yerdə- məhkəmə, prokurorluq, banditizm, polisdə adamı olduğunu, Xətainin ona hər şey edə biləcəyini, onun bu tip işlərinin çox olduğunu, ya 2100 manat nağd pul verməklə məsələni bağlamağı, ya da hər ay 300 manat verməklə 10000 manatı ödəməsini demiş, inandırmağa çalışmışdır ki, Xətainin dediyini etməsə problemləri çox olacaq. Çünki uzun müddətdir ki, Xətainin yanında olduğundan onun belə işlərinin çox olduğunu görmüşdür, onun istədiyini etməsə, onu qəzəbləndirsə çoxlu problemləri olacaq. İş materiallarında olan diskə baxış zamanı tərəflərin danışıqları zamanı cavabdehin aldadıldığı, ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə razılaşaraq 1500 manat pul götürsə də 10000 manat pul götürməsi barədə iddiaçıya iltizam verməsi barədə iddiaçının göstərdikləri öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından iddiaçının təqdim etdiyi cavabdehin ondan 10000 manat pul götürməsi barədə iltizamı aldatma, cavabdehin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində özü üçün son dərəcə əlverişsiz şərtlərlə razılaşmağa məcbur edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi iddiaçı 10500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, təqdim edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 10000 manat pul alaraq 6 ay müddətinə qaytaracağı, həmin pulu qaytarmazsa hüquq mühafizə orqanlarına şikayət edilməsinə etiraz etməyəcəyi və əmək haqqı kartını girov qoyması barədə iltizamında göstərilənlər məhkəmə iclasında tədqiq edilmiş diskə baxış zamanı iddiaçı və cavabdehin arasında olan danışıqlarla təkzib edilir. Məhkəmə iclasında iddiaçı cavabdehin ona 10500 manat borclu olduğunu sübut edə bilməmiş, cavabdehin nümayəndəsi isə izahatında cavabdehin 1500 manat məbləğində iddiaçıdan pul aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü 1500 manat qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Cavabdehin nümayəndəsi cavabdehin iddiaçıdan götürdüyü 1500 manat pulun 300 manatını qaytardığını bildirsə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 1500 manat borc aldığını etiraf etmişdir, onun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin etirafı ilə qismən sübut olunduğundan təmin edilməli, 1500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 1500 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazirki iddia tələbləri ilə bağlı 123 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməlidir. Odur ki, cavabdehdən 123 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat məbləğində pul tutularaq tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar