Məhkəmə qərarları › İş №e-2(041)-686/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-686/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-686/2025 06.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat və dövlət rüsumu olaraq ödədiyi 100 manat olmaqla, ümumilikdə 8100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, cavabdehin acizanə yalvarışlarına inanaraq və onu həmin vaxtdan əvvəldən sözünə bütöv bir kişi olaraq tanıdığına görə 2018-ci ilin qış aylarında cavabdehə cəmi 11500 manat pul vermişdir. Cavabdehin həmin puldan hissə-hissə ödənişlərindən sonra, cəmi 8000 manat borcu qalıb. Yəni, sonuncu dəfə xx.xx.2023-cü ildə cəmi 50 manat ödəniş etmiş, ondan sonra 8000 manat hələ ki qalıb. Bu barədə dəfələrlə ondan borcunu tələb etsə də, hər dəfə bir bəhanə ilə onu aldadıb və pulunu verməyib. Bu barədə vatsap yazışmalarını məhkəməyə təqdim etmişdir. Artıq 6 ildir ki, onun etibarından sui-istifadə edir, ona borc olaraq verdiyi 11500 manatdan özünə qazanc əldə edir, onun isə halalca pulunu qaytarmır və ona qarşı dələduzluq edir. Cavabdeh Nərimanov rayonu, Təbriz küçəsində “Topaz” işlətmiş və ondan bir qədər aralıda isə o, bərbərxanada bərbər kimi işləmişdir. Cavabdeh onların salonuna gəlib-gedir və saçını vurdurub. Aralarında olan xoş münasibətdən sui-istifadə edib, pulunu qaytarmaq şərtilə alsa da, qaytarmaq istəmir. Ruslan bildiyi qədərilə Ulduz metrosu yaxınlığında mebel sexində işləyir. Eləcə də, xx.xx.2024-cü ildə rəsmi qaydada pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət edərək, ondan tələb etmişdir ki, 2018-ci ilin qış aylarında ona verdiyi 11500 manat pulun bugünki günədək ödənilməmiş 8000 manatını 10 gün müddətində ona qaytarsın. Əks təqdirdə, hüquqlarının müdafiəsi ilə bağlı 1000 manat ödəniş (xidmət haqqı) etməklə vəkil tutacaq, əlavə məhkəmə və digər xərcləri qarşılayacaq ki, bu xərclərin əvəzini də ondan tələb edəcək. Eləcə də, barəsində aidiyyəti üzrə hüquqmühafizə orqanlarına, məhkəməyə və digər dövlət qurumlarına müraciətlər ediləcəkdir. Cavabdeh həmin xəbərdarlığı poçt vasitəsilə xx.xx.2024-cü ildə almasına baxmayaraq, borcunu ödəməkdən yayınır. O, cavabdehin vatsapda və telefon danışıqlarında bu vədlərin yalnız söz xətrinə və vaxt uzatmaq məqsədilə verildiyini başa düşüb, sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində göstərdiyi 8000 manat puldan cavabdeh 50 manat ödəmişdir, hazırda cavabdehin ona 7950 manat borcu qalmışdır. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. İddiaçıya borcu vardır, lakin borcun gecikdirilməsinin səbəbi heç bir yerdə işləməməyidir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflərin watsapp yazışmalarından və DVD disklərdə olan danışıqlarından müəyyən edilir ki, iddiaçı cavabdehdən ona olan 8000 manat borcunun ödənilməsini istəmiş, cavabdeh isə ona olan borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, iş üzrə iddia olunan tələbdən 7950 manatını “Topaz” işləmədiyi üçün ödəyə bilmədiyini göstərmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə cəmi 11500 manat pul verdiyini bildirir. İddiaçı sübut qismində cavabdehlə arasında olan watsapp yazışmalarına və DVD disklərdə olan danışıqlarına istinad edir. İddiaçı iddia ərizəsinə verdiyi dəqiqləşmədə isə hazırda cavabdehin ona 7950 manat borcu qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi watsapp yazışmalarında və cavabdehlə olan DVD disklərdə əks olunan danışıqlarında cavabdeh borcunu qaytaracağın bildirmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehin 50 manat ödəniş etdiyini bildirərək 7950 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirir. Məhkəməyə yazdığı ərizədə cavabdeh iş üzrə iddia olunan tələbdən 7950 manatını “Topaz” işləmədiyi üçün ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü pulu geri qaytarmamaqla əsassız olaraq varlanmış və 7950 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 7950 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən 7950 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 7950 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7950 (yeddi min doqquz yüz əlli) manat pul və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar