Məhkəmə qərarları › İş №e-2(041)-83/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-83/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-83/2025 17.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maşınına dəyən zərərin əvəzi olaraq 2707 manat və məhkəmə rüsumu kimi ödədiyi 47 manat, ümumilikdə 2754 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 07 iyun 2024-cü il tarixində özünə məxsus "Hyundai Sonata" markalı, 77LH993 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Cavabdeh "Vaz 2107" markalı, 10VK314 dövlət qeydiyyat nişanlı avtomobillə onun maşınına maddi zərər vurdu. Hadisədən sonra avtomobilinin icbari sığortası olan sığorta şirkətinə müraciət edib. Orada bildirdiblər ki, “İcbari sığortalar haqqında” qanunun 56.1.2-ci maddəsinə əsasən icbari sığorta hadisəsinə görə bir hadisə üzrə sığorta şirkəti tərəfindən maksimum 5000 manat verilir. Maşınına baxış keçirildikdən sonra Sığorta şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi verilib. Sığorta ödənişi aldıqdan sonra o maşını təmir etdirilməsi üçün X8 təhvil verib. Təmir iki aydan daha artıq davam edib. Ümumilikdə maşınına dəyən zərər 7707 manat qiymətləndirildi. 02 sentyabr tarixində X8 7707 manat ödəniş edərək avtomobilini təhvil alıb. Təmir prosesindən əvvəl də, təmir prosesində də zərərvuran şəxsə bu məlumat verdim və sığorta şirkəti tərəfindən ödənilən (5000 manat) puldan əlavə xərcləri (2707 manat) ödəməyi xahiş edib, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəniş eləməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Hyundai Sonata” minik markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. - Bakı şəhər DYPİ-nin baş inspektoru X3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - İddiaçı Baş inspektor Polis mayoru X5 verdiyi izahatında, xx.xx.2024-cü il tarixdə, təxminən saat 01:30 radələrində idarə etdiyi özünə məxsus “Hundai Sonata” markalı **- LH-*** nömrəli avtomaşınla Bakı ., F.Xoyski küçəsi hərəkət edərkən Ə.Rəcəbli küçəsinə çatanda qarşıdan gələn VAZ2107 markalı **-VK-*** nömrəli avtomaşın yaşıl işıqda qəfildən sola dönərək qarşısına çıxmış və maşının ön hissəsini vuraraq zərər yetirdiyini bildirmişdir. - Cavabdeh Baş inspektor polis mayoru X5 verdiyi izahatında, xx.xx.2024-cü il tarixdə, təxminən saat 01:22 radələrində etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri F.Xoyski küçəsi ilə hərəkət edərkən Ə.Rəcəbli küçəsi ilə yol ayrıcına daxil olmuş və sola dönərkən qarşı tərəfdən düzünə hərəkətdə olan “Hundai” markalı ** LH *** nömrəli avtomaşınla yol ayrıcında toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. İş materiallarına eyni zamanda yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin Kürdəmir rayon polis şöbəsində verdikləri izahatların surətləri, avtomobillərin texniki sənədlərinin surətləri, avtomobillərin fotoşəkilləri və digər sənədlər əlavə edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(041)-2106/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı mülkiyyətində olan, “ Hyundai sonata” markalı **-LH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməklə, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş maddi ziyanın məbləği müəyyən edilsin. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1078 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Akay Auto” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarlarında olan avtohissələron qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Hyundai Sonata" markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7440,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-5690,00 manat; təmirbərpa işlərinin qiyməti-1750,00 manat müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi VAZ 2107 markalı ** VK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq “Hyundai Sonata” markalı ** LH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Sonata” markalı ** LH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-cİ il tarixli 9/1078 saylı ekspert rəyi ilə avtomobilə dəymiş ziyan 7440 manat müəyyən edilmişdir. İşdə tərəflərin verdikləri izahata görə, yol verilən yol-nəqliyyat hadisəsinə görə “Hyundai Sonata” markalı ** LH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərə görə 5000 manat sığorta ödənişi edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 məxsus olsa da, yol-nəqliyyat hadisəsi Cavabdeh tərəfindən törədildiyindən iddia tələbi üzrə cavabdeh qismində göstərilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki iş üzrə də iddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyi əsas sübut kimi qəbul edilməli, 7440 manatdan 5000 manat sığorta ödənişi çıxılmalı (7440-5000=2440 manat) və iddia təmin edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2440 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzinə görə iddiaçı hazırki iddia tələbinə görə 47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunun 40 manatı cavabdehlərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2440 (iki min dörd yüz qırx) manat dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar