Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-877/2024 16.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 48900 manat məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 320 manat pulun xeyrinə tutulması, Cavabdeh 48900 manat pul məbləğinin xx.xx.2019-cu il tarixdən etibarən hesabalanmalı olan illik 7.75 % tutularaq tam ödənildiyi günə qədər hesablanılmaqla İddiaçı xeyrinə ödənilməsi, eyini zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən ödənilməmiş pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesabalanaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Ağsu rayon dövlət notariat kontorunda 50000 manat olmaqla kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə cavabdeh borcunu xx.xx.2019-cu ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, 50000 manatdan puldan 1100 manat hissə-hissə ödəmiş, bü günə 48900 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan, xx.xx.2018-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunun dövlət notariusu X1 tərəfindən təsdiq edilmiş, borc verən və borc alan tərəfindən imzalanmış kredit müqaviləsinin 1-ci bəndinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 50000 (əlli min) manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndində borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndində tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. - 742.5.2-ci maddəsinə görə qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. - 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. - 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdehə qarşı 1) ödənilməmiş 48900 manat məbləğində pulun, 2) iddianın qaldırılması üçün ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun, 3) məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 320 manat pulun, 4) 48900 manat pul məbləğinin xx.xx.2019-cu il tarixdən etibarən hesabalanmalı olan illik 7.75 % tutularaq tam ödənildiyi günə qədər hesablanılmaqla xeyrinə ödənilməsi, 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən ödənilməmiş pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesabalanaraq xeyrinə tutulması barədə 5 tələblə iddia qaldırmışdır. 1-ci tələblə bağlı iddia müddəti keçməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə vəsatət daxil olmadığından və tələb edilən məbləğ cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin hissədə iddia təmin edilməlidir. 2-ci tələb dövlət rüsumuna aid edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir. 3-cü tələb məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 320 manat pulun tələb edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən rədd edilməlidir. 4-cü tələb 48900 manat pul məbləğinin xx.xx.2019-cu il tarixdən etibarən hesabalanmalı olan illik 7.75 % tutularaq tam ödənildiyi günə qədər hesablanılmaqla xeyrinə ödənilməsi və 5-ci tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən ödənilməmiş pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesabalanaraq xeyrinə tutulması eyni məsələni əhatə etdiyindən, 5-ci tələb təmin edilməklə hər iki tələb təmin edilmiş sayılacaqdır. Belə ki, xx.xx.2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi 7.75 % müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh əsas borca görə 48900 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən ödənilməmiş 48900 manata görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 7.75 % hesabalanaraq İddiaçı ödənilməlidir. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbləri üzrə 238 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 48900 (qırx səkkiz min doqquz yüz) manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən ödənilməmiş 48900 manata görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 7.75 % hesabalanmış məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 (iki yüz otuz səkkiz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-877/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-877/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver