Məhkəmə qərarları › İş №e-2(042)-1010/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1010/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1010/2025 13.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərli Alparslan Məmmədəli oğlunun katibliyi ilə iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Məmmədov Arzu Sehrab oğlu,Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Məmmədov Arzu Sehrab oğlu,Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Məmmədov Arzu Sehrab oğlu,Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğlundan 1190 manat əsas borc, 97.76 manat faiz borcu, 412.51 manat cərimə borcu olmaqla, cəmi, 1700.27 manat borc və 37.01 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə cavabdeh Məmmədov Arzu Sehrab oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 34% dərəcəsi olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təmini üsulu kimi iddiaçı ilə Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğlu aralarında zaminlik müqaviləsi bağlanmışdır.Lakin cavabdeh Məmmədov Arzu Sehrab oğlu kredit müqaviləsinin şərtlərini lazımınca yerinə yetirməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin cavabdehlərdən etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan kredit müqaviləsinin surətindən görünür ki, “FİNCA Azerbaijan” MM QBKT tərəfindən cavabdeh Məmmədov Arzu Sehrab oğluna 24 ay müddətinə, illik 34% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqaviləsinin surətindən görünür ki, Məmmədov Arzu Seharb oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğlu kreditalanın öhdəliklərinin təmininatçısı kimi məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehlərin “FİNCA Azerbaijan” MM QBKT-ə 1190 manat əsas borc, 97.76 manat faiz borcu 412.51 manat cərimə borcu olmaqla, cəmi, 1700.27 manat borcu vardır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 37.01 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə cavabdeh Məmmədov Arzu Sehrab oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 34% dərəcəsi ilə 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təmini üsulu kimi iddiaçı ilə cavabdehlər Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğlu arasında zaminlik müqaviləsi bağlanılmışdır.Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 1190 manat əsas borc, 97.76 manat faiz borcu, 412.51 manat cərimə borcu olmaqla, cəmi, 1700.27 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Məmmədov Arzu Sehrab oğlu,Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğlundan müştərək qaydada 1700.27 manat borc və 37.01 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq “FİNCA Azerbaijan” MM QBKT-ə ödənilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 384-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Məmmədov Arzu Sehrab oğlu, Məmmədov Sehrab İdris oğlu və Məmmədov Sənani Söhrab oğlundan müştərək qaydada 1700.27 manat borc və dövlət rüsumunun əvəzi olan 37.01 manat alınaraq, “FİNCA Azerbaijan” MM QBKT-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar