Məhkəmə qərarları › İş №e-2(042)-1194/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1194/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1194/2025 28.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: əsassız varlanma) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi. Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2.520 manat məbləğində pulun, 46 manat dövlət rüsumunun və iddia ərizəsinin yazılmasına görə 30 manat cəmi 2.596 manat alınıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6317/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 8.530 manat məbləğində pulu ödəməli olmuşdur. Həmin 8.530 manat məbləğində pul Şabran rayon İcra şöbəsinin tədbirləri nəticəsində onun veteran təqaüdünün 50% və işlədiyi 3 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də əmək haqqının 50%-ə yönləndirilmişdir. Təqdim etdiyi əmək haqqı cədvəlindən görsəndiyi kimi 3 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-dən onun əmək haqqından hər ay tutulmalar olaraq 8.530 manat tam olaraq cavabdehin hesabına ödənilmişdir. Lakin eyni vaxtda Veteran təqaüdünədə yönləndirildiyi üçün cavabdehin hesabına DSMF-nun təqdim etdiyi məktubunda görsəndiyi kimi əlavə olaraq 2.520 manat məbləğində pul vəsaiti tutulmuşdur. Belə ki, görsəndiyi kimi o cavabdehə 2.520 manat məbləğində pul vəsaitini artıq ödəmiş olmuşdur. Bu barədə o dəfələrlə cavabdehə 2.520 manat pulun qaytarılmasını desə də hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan 2.520 manat məbləğində pulun qaytarmaqdan yayınmışdır. Hər dəfə ödəyəcəyini deyib ödəməmişdir. Cavabdeh hələ imkanı olmadığını bildirmişdir. Belə ki,cavabdeh hər dəfə müxtəlif bahanələr gətirərərək ona olan borcunu ödəməkdən yayınır, nə vaxtsa qaytaracağını bildirir, lakin qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmiş və göstərmişdir ki, onun iddiaçı ilə aralarında olan pul mübahisəsi avtomobil üzərində yaranmışdır. İddiaçı onu aldadaraq banka məxsus olan avtomobilin tam pulunu 15.000 manat alaraq avtomobili ona satmışdır. Sonradan ona məlum olmuşdur ki, bu puldan əlavə o banka 5.000 manatda ödəməlidir. Bundan başqa avtomobilin şinləri hamsı yararsız vəziyyətdə idi. Bundan sonra onların məhkəmə mübahisələri yaranmışdır, 2018-ci il tarixdən bu mübahisə davam edir. İddiaçı ona borclu ola-ola hələ onu da məhkəməyə verir. Belə ki, iddiaçı öz iddia ərizəsində göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6317/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 8.530 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnaməni cavabdeh könüllü şəkildə icra etməmişdir. Şabran rayon İcra Probasiya şöbəsinin tədbirləri nəticəsinə hissə-hissə qaytarılmışdır. Həmin 8.530 manat pulun ona bir dəfəyə alınıb verilməsi məhkəmə qətnaməsində yazılsa da cavabdeh pulu tam şəkildə ödəmədiyinə görə, icra məmurları onun razılığı olmadan hissə-hissə icra etmişdir. xx.xx.2018-ci il tarixdən bu günə qədər ona küllü miqdarda ziyan dəymişdir. Ölkə üzrə iki dəfə devalvasiya olmuş, pulun dəyəri ölmüşdür. Bundan əlavədə həmin 8.530 manat pulun bir qismi ona hissə-hissə ödənilsədə, bu günə qədər tam ödənilməmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi pulu o iddiaçıdan almamış, onların aralarında heç bir yazlı və şifahi razlaşma olmamışdır. Əgər iddiaçının dediyi kimi ona artıq pul ödənilmişdirsə bu məsələnin günahkarı Şabran rayon İcra Probasiya şöbəsinin əməkdaşı ilə bərabər iddiaçı özüdür. Şabran rayon İcra Probasiya şöbəsinin günahı ondadır kı, qətnaməni 7 ildən artıq müddətə icra edir və qarşı tərəfin ödəməli olduğu pul ödənilirsə onda niyə ödənişi dayandırmırdı. İddiaçının günahı ondadır kı, aldığı pulu vaxtında ödəməyib o məhkəmədə iddia qaldırmaq məcbruyyətində qalmışdır. İddiaçı həmin qətnamə üzrə ona çatası pulu özündə saxlamaqla ona ziyan vurmuşdur. İddiaçının iddia ərizəsində göstərmiş olduğu 2.520 manat pul onun əldən çıxmış faydasından azdır. O, Şabran rayon Məhkəməsində İddiaçı qarşı 5.000 manat əldən çıxmış fayda olaraq iddia qaldırmaq fikrində olmuşdur. Ona görə də iddia ərizəsi əsasız saylaraq rədd edilməlidir.

5. Cavabdeh məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07 avqust 2018-ci il tarixli, 2(103)- 6317/2018 saylı icra vərəqəsinə əsasən, İddiaçı 8.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq Cavabdeh verilməlidir. - Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən DSMF-nin Şabran rayon Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-6317/2018 saylı, 07 avqust 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı 8.500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh verilməli olduğu, iş üzrə borclu İddiaçı DSMF-nın Şabran rayon şöbəsi vasitəsilə müavinət almasının müəyyən edildiyi bildirilmiş, borclu İddiaçı aldığı müavinətdən hər ay 50% miqdarında pulu tutub 8.500 manat məbləğ bitənədək tələbkar Cavabdeh xeyrinə (məktuba əlavə edilmiş rekvizitə) köçürülməsinə sərəncam verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfidən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-6317/2018 saylı 07 avqust 2018-ci il tarixli icra sənədinə əsasən borclu X2 ödənilən sosial müavinətdən (s/m 017177 Şabran) xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi 2.520 manat məbləğində vəsait tutularaq tələbkar Cavabdeh bank hesabına köçürülmüşdür. - Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı əmək haqqından borc məbləği tam olaraq tələbkar Cavabdeh xeyrinə ödənilmişdir. Yalnız icra sənədi üzrə ümumi məbləğin 7%-i icra ödənişi yəni 597,10 manat qalmışdır. Ona görə də 7%-i icra ödənişi yəni 597,10 manat məbləğində pulu X1 Şabran rayon İcra ve probasiya şöbəsinin aşağıda qeyd olunan depozit hesabına ödənilməsi üçün sərəncam verilməsi və sonra borclu İddiaçı əmək haqqından tutulmaların tam dayandırılması xahiş olunmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı əmək haqqından Cavabdeh xeyrinə 8.530 manat məbləğində pul tutulmuşdur.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə- mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

12. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

13. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir .

14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

16. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07 avqust 2018-ci il tarixli, 2(103)-6317/2018 saylı icra vərəqəsinin icrası ilə əlaqədar ondan Cavabdeh xeyrinə əlavə olaraq 2.520 manat məbləğində pul tutulmasını sübuta yetirməlidir.

17. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07 avqust 2018-ci il tarixli, 2(103)-6317/2018 saylı icra vərəqəsinə əsasən, İddiaçı 8.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq Cavabdeh verilməsi qət edilmiş və icra sənədi Şabran rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsi tərəfindən icra sənədində qeyd edilən tələbin icrası ilə əlaqədar olaraq borclunun "xxxx" MMC-dən aldığı əmək haqqının 50 faizinə və Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsindən aldığı sosial müavinətin 50 faizinə yönəldilmə edilmişdir. Borclunun "xxxx" MMC-dən aldığı əmək haqqından icra sənədi üzrə tutulmalar nəticəsində 8.530 manat məbləğində, Dövlət Sosial Müdafiə Fondunun Şabray rayon şöbəsindən aldığı sosial müavinətindan tutulmalar nəticəsində 2.520 manat məbləğində pul icra sənədi üzrə tələbkar Cavabdeh ödənilmişdir.

18. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07 avqust 2018-ci il tarixli, 2(103)-6317/2018 saylı icra sənədi üzrə tələb tam icra edilməsinə, yəni icra sənədi üzrə ödənilməli olan 8.530 manat məbləğində pul tam ödənilməsinə baxmayaraq, İddiaçı əlavə olaraq 2.520 manat məbləğində pul tutularaq Cavabdeh ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 2.520 manat məbləğində həddində əsassız olaraq varlanmışdır.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin; - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[781] - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Məhkəmə iddiaçının 30 manat məbləğində iddia ərizəsinin hazırlanmasına görə çəkdiyi xərcin cavabdehdən tutulması barədə tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin xərclərin çəkilməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2.520 (iki min beş yüz iyirmi) manat məbləğində pul tutulub İddiaçı verilməlidir.

22. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 46 manat dövlət rüsumu ödəmişdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2.520 (iki min beş yüz iyirmi) manat məbləğində pul tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar