Məhkəmə qərarları › İş №e-2(042)-1328/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1328/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1328/2024 03.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Cavabdeh 556 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona xeyrinə tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Audi 80” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Audi 80” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Belarus 892” markalı, 90-T-698 dövlət qeydiyyat nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Gədəbəy RPŞ DYPB-nin qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Gədəbəy RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Audi 80” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, "xxxx" ASC iddianı qaldirmaq üçün 3 illik iddia müdətini örürmüşdur.Ona görə də, sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair işin iddia icratına keçirilməsini, iddia tələbinə açıq məhkəmə iclasında baxılmasını və müddət ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Audi 80” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-ci il tarixdə, saat 05-00 radələrində yol-nəqliyyat hadisəsi törədmiş, sürücülük vəsiqəsi olmamışdır. İşdə olan Hesablama Aktından görünür ki, "xxxx" ASC məxsus “Belarus 892” markalı” 90 T698 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1100 manat məbləğində pul vəsaiti ayrılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli 001804 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs "xxxx" ASC-ə 1100 manat məbləğində ödəniş edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019 cü il tarixli 3(042)-195/2019 saylı qərarından görünür ki,Cavabdeh Allaheverdi oğlu İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilnimiş ona 400 manat məbləğində cərimə təyin edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . “İcbari Sığortalar Haqqında” Qanunun 25.1. və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 14 noybar 2019-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Audi 80” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Belarus 892” markalı 90-T-698 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Belarus 892” markalı 90-T-698 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı tərəfindən həmin nəqliyyat vasitəsinin mülkiyyətçisinə 1100 manat sığorta ödənişi verilmişdir. Hadisə zamanı Cavabdeh “Audi 80” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə, yəni, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, zərərçəkmişə maddi zərər vurduğuna görə inzibati məsuliyyətə cəlb edilmiş, bununla da iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 556 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat alınaraq, "xxxx" ASC-ə ödənilməlidir. İddiaçının iddia müddətini ötürməsi ilə əlaqədar cavabdehin etiraz ərizəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar deyil, subroqasiya hüququnun yaranmasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936 və “İcbari Sığortalar Haqqında” Qanununun normaları əsasında yaranmışdır və ümumi iddia müddətinin təsiri altına düşür. İddiaçı tərəfindən bu müddət pozulmadığına görə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227; 284-1 – 284-6, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 556 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat alınaraq, "xxxx" ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar