Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1334/2024 27.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5.518,6 manat əsas, 773,65 manat faiz, 11,83 manat cərimə borcu olmaqla, cəmi 6.304,08 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 83,45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300.000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 25% ödəmək şərtilə 8.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9 oktyabr 2024-cü tarixinə "xxxx" KB ASC-yə 5.518,6 manat əsas, 773,65 manat faiz, 11,83 manat cərimə borcu olmaqla, cəmi 6.304,08 manat borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahat verərək bildirmişdir ki, onlar "xxxx" ASC-dən anasının və uşağının xəstəliyinə görə 8.000 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti aşağıdır. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir.
5. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir.
8. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əsas kredit və bank hesabı müqaviləsinə əsasən, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh3 120 ay müddətinə 300.000 manat kredit xətti ayrılmışdır.
9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə və ona bir saylı əlavəyə əsasən, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh3 24 ay müddətinə illik 25% ödəmək şərtilə 8.000 manat məbləğində kredit verilmişdir.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zaminlər Cavabdeh2 və Cavabdeh1 kreditor ("xxxx" ASC) qarşısında borclu Cavabdeh3 xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdür.
11. İş materiallarında olan 09 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 "xxxx" KB ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu 5.518,60 manat əsas, 773,65 mnaat faiz, 11,83 manat cərimə, cəmi 6.304,08 manat təşkil edir.
12. İş materiallarında olan bildiriş məktubunun surətindən görünür ki, cavabdeh banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır.
13. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına, kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi halda cərimə tətbiq ediləcəyinə dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı kredit, faiz və cərimə borcunun qaytarılmasını tələb etməkdə haqlıdır.
14. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 zamin olduqlarından və sonuncu kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən onlar, iddiaçı qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
16. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.518,6 manat əsas, 773,65 manat faiz və 11,83 manat cərimə borcu olmaqla, cəmi 6.304,08 manat borcu tutularaq iddiaçıya ödənilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 83,45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.518,6 manat əsas, 773,65 manat faiz və 11,83 manat cərimə borcu olmaqla, cəmi 6.304 (altı min üç yüz dörd) manat 08 (səkkiz) qəpik və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83 (səksən üç) manat 45 (qırx beş) qəpik məbləğində pul tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Zamiq Rəsulov