Məhkəmə qərarları › İş №e-2(042)-16/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-16/2024

15.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-16/2024 15.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi X1 iştirakıları ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yolun açılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Gədəbəy rayonunun Parakənd kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması və ödədikləri 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq, qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı iclasında İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 saylı qərarına əsasən X2 1903,61 kvm torpaq sahəsi verilmişdir. İsmayıl İsmayılov 2017-ci ildə vəfat etmişdir. Bundan sonra torpaq sahəsindən iddiaçılar istifadə etmiş, 23 dekabr 2022-ci il tarixdə onların torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 saylı qərarı ilə cavabdehin anası Çiçək İsmayılovaya da torpaq sahəsi verilmişdir. İddiaçılar torpaq sahəsinə gedən yoldan maneəsiz istifadə etmişlər. Lakin 2020-ci ilin əvvəllərində cavabdeh torpaq sahəsinə gedən yolu bağlamışdır. İddiaçılar cavabdehdən yolun açılmasını tələb etmiş, lakin cavabdeh yolu açmaqdan imtina etmişdir. Bu isə iddiaçılara mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməkdə çətinliklər ytaradır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə X3 ona qarşı Gədəbəy rayonu, Parakənd kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun açılması tələbi haqqında iddia ərizəsi qismən təmin edilmiş, yolun tutulmuş hissəsinin açılması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. O, Gəncə Apellyasiya Məhkəməsinin qəraından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddia tələbi qanunsuz və əsassızdır. Torpaq bələdiyyə mülkiyyətindədir. O, uzun müddətdiur ki, həmin torpaqdan istifadə edir və torpaq vergisi ödəyir. Yolun açılması onun saldığı bağdan istifadə etməsini çətinləşdirə bilər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Gədəbəy Rayonu Parakənd Kənd Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə işə üçüncü şəxs Gədəbəy Rayonu Parakənd Kənd Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 23 dekabr 2022-ci il tarixdə Gədəbəy Rayonu, Parakənd kəndində yerləşən 0,1003 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Mütəxəssis Rəyindən görünür ki, Parakənd kəndinin kompleks yerquruluşu planına əsasən İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 məxsus Gədəbəy rayonunun Parakənd kəndində yerləşən torpaq sahəsinə yol nəzərdə tutulmamışdır və iddiaçılar tərəfindən iddia edilən yol Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. İşdə olan Ekspertiza Rəyindən görünür ki, Parakənd kəndinin kompleks yerquruluşu planına əsasən İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 məxsus Gədəbəy rayonunun Parakənd kəndində yerləşən torpaq sahəsinə yol nəzərdə tutulmamışdır və iddiaçılar tərəfindən iddia edilən yol Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. İşdə olan sənədlərdən görünür ki, məhkəmə xərclərinin ümumi məbləği 295 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçılar cavabdehə qarşı ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün avtomobil yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yolun cavabdeh tərəfindən tutulmuş hissəsi bələdiyyə mülkiyyətindədir və cavabdeh yolun həmin hissəsinin yerləşdiyi torpaq sahəsindən istifadə etməsini əsaslandıran hər hansı sənəd təqdim etməmişdir. İddiaçıların ümumi birgə mülkiyyətlərində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə avtomobil yolunun olmaması, onların torpaq sahəsindən təyinatı üzrə istifadə etməsində çətinliklər yaradır və hər hansı fors major hadisəsi baş verəcəyi halda, insanların həyatı, sağlamlıqları və əmlakı üçün təhlükəlidir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçıların Gədəbəy rayonunun Parakənd kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmuş hissəsi açılmalı, iddiaçılar tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehdən alınaraq, iddiaçılara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonunun Parakənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsi açılsın və çəkilmiş məhkəmə xərclərinin əvəzi olan cəmi, 295 manat Cavabdeh alınaraq, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar