Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-224/2025 27.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 оğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 18.553,48 manat əsas, 305,29 manat faiz borcu olmaqla, cəmi 18.858,77 manat məbləğində kredit borcunun, ödənilmiş 146,57 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********80 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə illik 15,9 faiz ödəmək şərtilə 20.000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə BPM**********80 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdehkreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə banka borcu – 18.553,48 manat əsas, 305,29 manat faiz borcu olmaqla, cəmi 18.858,77 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 18.858,77 manat olduğundan, tərəfimizdən 146,57 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsi ilə xx.xx.2024 tarixindən işdən ayrıldığından və ödəmə qabiliyyətini itirdiyindən "xxxx" ASC tərəfindən təyin edilən, hesablanan ödəmə gecikməsi ilə bağlı bütün faiz məbləğləri, aylıq ödəniş zamanı normal hesablanan müqavilə üzrə faiz məbləğləri tam şəkildə ləğv edilməsini, sonrakı dövr üçün məhkəmənin təyin edəcəyi yekun ödəmə məbləğinə heç bir faiz əlavəsi edilməməsini istəyir. Həmçinin "xxxx" ASC-nin Azərbaycan Respublikası İcra haqqında qanunun 65-ci maddəsini, Əmək Məcəlləsinin 176-ci maddəsini və Azərbaycan Respublikası Konustitusiyasının 29-cu maddəsinin tələblərini kobud şəkildə pozaraq 1 ildən artıq müddətdə ona və ailəsinə yaşatdığı maddi və mənəvi sıxıntıları səbəbi ilə (hələ də əmək haqqının tam tutulması səbəbi ilə ailə dostlarına və digər dostlarına ciddi maddi vəsaitlər borcludur) tərəfinə təzminat ödəməsi olaraq hər ay üçün minimum ortalama aylıq gəlir məbləği qədər məbləğ ödənilməsini, yaxud bu məbləğin ümumi borcdan silinməsini tələb edir. Odur ki, işdən çıxması səbəbindən ümumi borcun 1 faiz azaldılmaqla, xx.xx.2024-xx.xx.2025-ci il tarixlər aralığında əmək haqqından tam tutulan 6086,50 manat və əmək haqqının tam tutulması səbəbi ilə mənəvi təzminat olaraq 6480,60 manat çıxılmaqla ondan bankın xeyrinə kredit müqaviləsi üzrə cəmi 7.232,90 manat pul tutulması və həmin məbləğin ödənilməsi üçün aylıq ödənişin 100 manat məbləğində ödənilməsini xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir.
8. Belə ki, iş materiallarında olan; - xx.xx.2024-cü il tarixli kredit müqaviləsi və maliyyə arayışından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 15,9 faiz dərəcəsi ilə 20.000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh borcu 18.553,48 manat əsas, 305,29 manat faiz borcu olmaqla, cəmi 18.858,77 manat manat təşkil edir. - bildiriş məktubunun surətindən görünür ki, cavabdeh banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır.
9. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı kredit və faizin borcunun qaytarılmasını tələb etməkdə haqlıdır.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
11. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18.553,48 manat əsas, 305,29 manat faiz borcu olmaqla, cəmi 18.858,77 manat borcu tutularaq iddiaçıya ödənilməlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 146,57 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehə aid edilməlidir.
V. Nəticə:
14. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 18.553,48 manat əsas, 305,29 manat faiz borcu olmaqla, cəmi 18.858 (on səkkiz min səkkiz yüz əlli səkkiz) manat 77 (yetmiş yeddi) qəpik, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 (bir yüz qırx altı) manat 57 (əlli yeddi) qəpik və bank xidmət haqqı olaraq ödənilmiş 40 (qırx) qəpik məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov