Məhkəmə qərarları › İş №e-2(042)-331/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-331/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-331/2025 14.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 7.000 manat maddi zərərə görə, 1000 manat dəymiş mənəvi zərər olmaqla, cəmi, 8000 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh Quliyev X2 Rayon Aqrar İnkşaf Mərkəzinin işçisi olduğu üçün 2023-cü ildə cavabdehə bildirmişdir ki, Gədəbəy rayonunun Miskinli kəndindən 30 sot torpaq sahəsi almaq istəyir.Cavabdeh isə ona əminliklə bildirmişdir ki, 9.000 manat məbləğində pulu ona versə, o, həmin ərazidən 30 sot torpaq alıb onun adına sənədləşdirəcəkdir. O, cavabdehi üzun müddət tanıdığına görə, həmçinin cavabdehlə qohum olduğu üçün onun sözlərinə inanmış, 18 yanavar 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə kimi cavabdehin ondan istədiyi 9.000 manat pulu hissə-hissə cavabdehə vermişdir ki, torpaq sahəsinin alğısatıqısını həyata keçirsin. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözə əməl etməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. O, məcbur olub polis orqanına şikayət etmiş və onun şikayəti əsasında Gədəbəy Rayon Polis Şöbəsində araşdırılma aparılarkən cavabdeh ondan aldığı 9.000 manatdan 2.000 manatı ona qaytarmış, söz vermişdir ki, yaxın müddət ərzində qalan pulu da qaytaracaqdır. Artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh 7.000 manatı qaytarmamışdır. Bununla əlaqədar o, sarsıntı və iztirablar keçirmişdir. Ona görədə iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında idda tələbini qismən etiraf etmiş, izahat verərk bildirmişdir ki, iddiaçının ona tapşırdığı işi görmək üçün ondan həqiqətən 9000 manat almış, lakin həmin işi yerinə yetirə bilməmişdir. O, həmin puldan 2000 manat qaytarmışdır. Hazırda iddiaçıya cəmi, 7000 manat borcu qalmışdır. O, iddiaçının mənəvi zərərə görə tələb etdiyi 1000 manatı da verməyə etiraz etmir, lakin pulun hissə-hissə qaytarılması haqqında qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2. və 14.2.1; 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, o cümlədən, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Plenumunun Qərarına əsasən “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin mübahisə edilməyən hallarından görünür ki, 2023-ci ildə müxtəlif vaxtlarda iddiaçı işin görülməsi üçün cavabdehə 9000 manat vermiş, lakin cavabdeh tapşırığı yerinə yetirməmişdir. Bundan sonra cavabdeh iddiaçıya 2000 manat qaytarmış və iddiaçıya 7000 manat borcu qalmışdır. İddiaçı cavabdehin vəd etdiyi işi yerinə yetirməmək və ona verilmiş pulu uzun müddət ərzində qaytarmamaqla ona mənəvə zərər də yetirdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini, lakin pulun hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehdən şifahi tapşırıq müqaviləsi üzrə verilmiş 9000 manatın qaytarılmamış hissəsi olan 7000 manat, bu pulu uzun müddət ərzində qaytarmamaqla iddiaçıya yetirmiş olduğu mənəvi zərərə görə 500 manat və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh şifahi tapşırıq müqaviləsi üzrə 7000 manat, mənəvi zərərə görə 500 manat və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar