Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-379/2025 20.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzə mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (bundan sonra – cavabdeh) ““kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə” kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA130919-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2.030,95 manat məbləğində borcun-bundan 1.956,89 manat əsas borcun və 74,06 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 40,31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 13 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA130919-01nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 1.957 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 13 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA130919-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 13 sentyabr 2019-cu il tarixli MBNP 022- 7212424FİMSA130919-01 nömrəli kredit müqaviləsi üzrə 21 sentyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 2.030,95 manat məbləğində borcu vardır. Bundan 1.956,89 manat əsas borc və 74,06 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 27 iyul 2023-cü il tarixli **********400 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 3 (üç) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir.
5. Belə ki, mülki iş materiallarında olan; - xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 1.957 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 borcu 1.956,89 manat əsas, 74,06 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 2.030,95 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 İddiaçı ASC qarşısında borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. - bildiriş məktubunun surətindən görünür ki, cavabdehlər banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır.
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
8. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı kredit borcunun qaytarılmasını tələb etməkdə haqlıdır.
9. Həmçinin Cavabdeh2 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olduğundan və sonuncu kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən Cavabdeh2, iddiaçı qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
11. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək borcun ödənilməsinin gecikdirilməsinə görə 5 faiz məbləğində pulun da ödənilməsini tələb edir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin Mülki Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Gecikməyə səbəb olmuş hallar barədə məhkəmədə məlumat olmadığından həmin halların baş verməsində cavabdehin təqsirinin olub-olmadığını müəyyən etmək mümkün deyil.
12. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faizlərin cavabdehlərdən tutulması hissəsində iddia əsaslı olmadığından təmin oluna bilməz.
13. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.956,89 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40,31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.956 (bir min doqquz yüz əlli altı) manat 89 (səksən doqquz) qəpik məbləğində əsas borc və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat 31 (otuz bir) qəpik məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov