Məhkəmə qərarları › İş №e-2(042)-662/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-662/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-662/2025 08.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 4600 manat borcun və 70 manat dövlət rüsumunun, cəmi, 4670 manatın alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh qonşusudur. Cavabdeh ondan 8000 manat borc istəmiş. Ona əvvəlcə 1900 manat vermiş. Bundan sonra 19 iyul 2023-cü il tarixdə cavabdehə daha 5300 manat, yəni, cəmi, 7200 manat borc vermişdir. Cavabdeh qısa müddətdə borcu qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Bir neçə aydan sonra isə bildirmişdir ki, əri hərbçi olduğuna görə onların bütün borcları silinmişdir. Onun təkidi ilə cavabdeh qonşular arasında oynanılan “lotoreyada” iştirak etmiş və borcundan 2600 manat qaytarmışdır. 2025-ci ilin yanvar ayında onların arasında mübahisə olmuş, polis orqanı təhqiqat aparmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Hazırda cavabdehin ona 4600 manat borcu qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclaısında iddia tələbini müdafiə etmiş, eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilmıəsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, 2023-cü ildə iddiaçıdan hər ay 10 faiz ödəmək şərtilə cəmi, 7200 manat borc almışdır. O, 2 il 6 ay ərzində iddiaçıya hər ay borcun faizi olaraq, 720 manat ödəmişdir. Bundan sonra, iddiaçıya bir dəfəyə 2600 manat vermişdir. İddiaçı ona demişdir ki, 6 ay ərzində 700 manat versə, borcu bağlaya bilər. Bundan sonra da o, iddiaçıya 6 ay ərzində hər ay 700 manat vermişdir. Borcu qaytararkən bəzi vaxtlarda pulu iddiaçıya verməsi üçün qonşusu Siyasət Əhmədovaya müraciət etmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, cavabdeh iddiaçıdan borc almış, lakin qaytarmamışdır. O, cavabdehin evinə gedərək, ondan xahiş etmişdir ki, iddiaşıya olan borcunu qaytarsın.O, iddiaçının cavabdehə nə qədər borc verdiyini və cavabdehin borcundan nə qədər qaytardığını bilmir. Lakin iddiaçı cavabdehə vermək üçün ondan da 2023-cü ilin oktyabr ayında borc almışdır. Məhkəmə iclasında şahid kimi dindirlmiş X2 ifadə verərək, bildirmişdir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda faiz ödəmək şərtilə hissə-hissə cəmi, 7200 manat borc almışdır. Cavabdeh 3 il ərzində hər ay iddiaçıya 700 manat faiz ödəmiş, bundan başqa, bir neçə dəfə də əsas borcdan ödənişlər edib, borcu tam qaytarmışdır. İddiaçı özü də təsdiq etmişdir ki, cavabdehin ona borcu qalmamışdır. İşdə olan CD diskdəki səs yazısından mübahisənin həll edilməsi üçün əhəmiyyəti olan nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək,hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. və 14.2.1; 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, o cümlədən, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinə əsasən 2023-cü ildə cavabdeh iddiaçıdan həqiqətən 7200 manat borc almışdır. İddiaçı cavabdehin borcdan 2600 mantını qaytardığını, cavabdehin 4600 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh isə iddiaçıya iki il altı ay ərzində hər ay 720 manat faiz ödəməklə bərabər, həm də əsas borcu tamamilə ödədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının şahidi Zərri İsmayılova iddiaçının cavabdehə borc verdiyini və cavabdehin borcu tam qaytarmadını bildirsə də, borcun məbləği,verilmə vaxtı, cavabdeh tərəfindən qaytarılmış məbləğləri bilməmişdir. Cavabdehin şahidi Siyasət Əhmədova cavabdehin iddiaçıdan həqiqətən faiz ödəmək şərtilə borc aldığını bildirmiş, bu borcun faizilərini və əsas borcun cavabdeh tərəfindən qaytarıldığını və bəzi hallarda həmin məbləğləri cavabdehin xahişi ilə özünün aparıb iddiaçıya verdiyini, iddiaçının cavabdehin artıq ona borcu qalmadığını dediyini bildirmişdir. İş üzrə təqdim edilmiş digər sübutların təhqiqi zamanı mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmiş, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar