Məhkəmə qərarları › İş №e-2(042)-740/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-740/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-740/2024 22.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 448.99 manat maddi zərər məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 479.39 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **- TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090 AVTOBUS” markalı avtobusun sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətlərinin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhəri Sabunçu DYPŞ-nın əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhəri Sabunçu DYPŞ-nın polis leytenantı X2 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus zədələnmişdir və təmir olunması üçün 3 gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009413 saylı Zərər Aktına əsasən **-JU-*** Dövlət qeydiyyat nişanlı avtobusa 448.99 manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-TG-*** Dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090 AVTOBUS” markalı avtobusun “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 448.99 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş zərər aktından görünür ki, “BMC Procity Avtobus” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobus dəymiş zərər 448.99 məbləğində təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixində **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS 090 AVTOBUS” markalı avtobusun sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsində Cavabdeh təqsirli bilinmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyatl hadisəsi nəticəsində **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusa 448.99 manat zərər dəymişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30.4 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh vurulmuş zərərə görə 448.99 manat və ödənilmiş 30.4 manat dövlət rüsumunun əvəzi, cəmi 479.39 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 448.99 manat və ödənilmiş 30.4 manat dövlət rüsumunun əvəzi, cəmi 479 (dörd yüz yetmiş doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar