Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-799/2025 19.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borc müqaviləsi üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi. İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X1 15.800 manat və 2.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 17.800 manatın, eləcə də məhkəməyə ödənilmiş 144 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 15.800 manat almışdır. Cavabdeh aldığı borcu hissə-hissə olmaqla və xx.xx.2025-ci il tarixədək qaytarılmayacağı təqdirdə məsuliyyət daşımağı və kompensasiya ödəyəcəyi barədə öhdəlik götürmüşdür (bu barədə xx.xx.2024-cü il tarixli qəbz əlavə olunur). Lakin, bu vaxta kimi aldığı borcu geri qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir. Cavabdeh telefonlarını açmır, yaşayış yerini dəyişmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişəm.
II. Tərəflərin mövqeləri və şahid ifadəsi:
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh Naxçıvan Muxtar Respublikasında hərbidə bir xidmət ediblər. Cavabdeh ailəsinin pula ehtiyacı olduğu üçün o, İddiaçı borc pul almış, sonrada Naxçıvandan ezam olunmuş və borc aldığı pulu ödəməkdən imtina etmişdir. Cavabdeh borcunu ödəmir, ona görə də, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh həqiqətən borc götürməsi barədə sübutlar təqdim edilmişdir. 3-4 gün bundan qabaq Mövlan iddiaçıya zəng edərək, “şikayətini geri götür, sənə olan borcumu geri ödəyim” demiş, lakin iddiaçı ilə Mövlan arasında razılaşma olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, iddiaçı ilə Naxçıvan Muxtar Respublikasında birlikdə hərbi xidmət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi məbləğ şişirdilmiş məbləğdir. O, Cavanşirdən pula ehtiyacı olduğu üçün 1.500 manat borc almışdır. İddiaçı ona verdiyi məbləği faizlə vermişdir. Dəfələrlə banklara müraciət etmiş, lakin banka kredit borcu olduğu üçün ona kredit verilməmiş və o da məcbur qalaraq Cavanşirdən borc pul almışdır. O, Cavanşirə - “Azərbaycana rotasiya olanda sənə olan borcumu ödəyə bilməyəcəm” – demiş, Cavanşir də onunla razılaşmışdır. Naxçıvan MR-dan gələnə qədər o hər ay Cavanşirin kartına 200- 300 manat pul göndərmişdir. Göndərdiyi pulları Cavanşirlə müqavilə bağlamamışdan əvvəl atmışdır. O, Cavanşirlə müqavilə bağladıqları gün sonuncudan 15.000 manat pul götürməmişdir. O, müqaviləyə qol çəkməyə məcbur edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
7. Belə ki, mülki iş materiallarında olan: - Cavabdeh tərəfindən sadə əl yazısı ilə tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 15.880 manat məbləğində borc almış, müxtəlif vaxtlarda olmaqla hissə-hissə ödənişlər aparmaqla xx.xx.2025-ci il tarixədək borcunu tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məktuba əlavə edilmiş qərarda qeyd edilən dövrə (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) Cavabdeh istifadəsində olan 4169 73** **** 3525 nömrəli plastik kartından İddiaçı istifadəsində olan 4169 73** **** 6501 nömrəli plastik kartına vəsait mədaxil olunmamışdır.
8. Mübahisənin düzgün həll edilməsi üçün iddiaçının cavabdehə nə qədər pul verdiyi, cavabdehin isə ona nə qədər pul qaytardığı müəyyən edilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından hansı məbləğdə pulun verildiyini iddiaçı, hansı məbləğdə pulun qaytarıldığını isə cavabdeh sübut etməlidir.
9. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: - "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. - ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. - ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
10. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən sadə əl yazısı ilə tərtib edilmiş qəbzə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 15.880 manat məbləğində borc almış, müxtəlif vaxtlarda olmaqla hissə-hissə ödənişlər aparmaqla xx.xx.2025-ci il tarixədək borcunu tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdeh həmin qəbzin onun tərəfindən tərtib edilməsini və imzalanmasını təkzib etmir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan borc aldığını bildirmiş, lakin qeyd edilən məbləğdə borc pul almadığını və ödənişlər apardığını bildirsə də, bu halı məhkəmədə sübuta yetirə bilməmişdir.
11. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 15.880 manat məbləğində borc alması və həmin borcun qaytarılmaması məhkəmədə sübuta yetirilmişdir. İddiaçı isə Cavabdeh 15.800 manat məbləğində pul tutulmasını tələb edir.
12. Azərbaycan Respublikası Müki Məcəlləsinin; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
13. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçı əldən çıxmış faydaya görə 2.000 manat məbləğində pul tələb etsə də, əldən çıxmış faydanın nədən ibarət olması əsaslandırılmamış və bunun təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir.
14. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 15.800 manat məbləğində pul tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyi hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 15.800 (on beş min səkkiz yüz) manat məbləğində pul tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 (bir yüz otuz yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov